Ukrayna böhranı Azərbaycanı zənginləşdirəcək - TƏHLİL

Ukrayna böhranı Azərbaycanı zənginləşdirəcək - TƏHLİL

Qərbin Rusiyaya qarşı planlaşdırdığı sanksiyalardan biri də neft və qaz idxalının məhdudlaşdırılması ilə bağlıdır. Hələlik ABŞ və onun müttəfiqləri neft-qaz ticarətinə sanksiya tətbiq edilməsinə ehtiyatla yanaşır. Lakin Rusiyanın davranışları, onun bir qədər də aqressivləşməsi bu ölkədən neft və qaz idxalının azaldılmasına səbəb ola bilər.

 

 

 

Sfera.az bildirir ki, yeni vəziyyətdən digər neft və qaz ixrac edən ölkələr, o cümlədən Azərbaycan faydalanacaq. Çünki Rusiyanın neft və qaz ixracının azaldılmasından sonra yaranan boşluğu digər ölkələr xaricə daha çox yanacaq məhsulu göndərməklə doldura bilər.

 

 

 

Son məlumatlara görə Rusiya il ərzində 1,83 milyard barel (təxminən 230 milyon ton) neft, 205 milyard kub metr qaz ixrac edib. Neft ixracından gəlir 111 milyard dollar, qaz ixracından əldə edilən gəlir 55 milyard dollar olub.

 

 

 

Sanksiyalar Azərbaycan neftinə və qazına tələbi artıracağından ölkəmiz daha böyük həcmdə neft və qaz satmaq imkanı əldə edəcək. Digər tərəfdən, Rusiyanın ixracı azaltması neft və qazı bahalaşdırdığından Azərbaycan eyni həcmdə olan məhsulun satışından daha çox qazanacaq.

 

 

 

İlkin razılaşmaya əsasən, Azərbaycan qaz ixracını artıracaq. Avropaya qaz satışı il ərzində 8,5 milyard kub metrdən 10,5 milyard kub metrə çatdıracaq.

 

Neftdə də ixrac həcmlərinin artırılması ehtimalı böyükdür. OPEC+ alyansının növbəti toplantısında hasilatın artırılmasına qoyulan məhdudiyyətin aradan qaldırılacağı və ya yumşaldılacağı xəbərləri yayılıb. Hətta OPEC+ razılaşmasına son qoyulması da istisna edilmir. Bu ehtimallar daxilində Azərbaycan üçün daha çox neft ixrac etmək fürsəti yaranacaq.

 

 

 

Həm neft və qazın bahalaşması, həm də daha çox ixrac imkanı ölkəmizin 2022-ci ildə neft-qaz gəlirlərinin nəzərəçarpacaq dərəcədə artacağından xəbər verir.

 

 

 

Artıq 2022-ci ilin birinci ayının nəticələri sektor üzrə ixracdan gəlirin böyük olacağını təsdiqləyir. Yanvar ayının hesabatına əsasən, Azərbaycan neft və qaz

satışından 2,83 milyard dollar gəlir əldə edib ki, bu da ötən ilin eyni ayındakı göstəricidən 1,94 dəfə çoxdur.

 

 

Xatırladaq ki, ötən il ölkəmiz 27,11 milyon ton neft, 20 milyard kub metr təbii qaz satıb. Bu məhsulların ixracından gəlir 18,75 milyard dollar olub.


 

Vasif


OXŞAR XƏBƏRLƏR