Azərbaycanın qeyri-neft mallarının ixracı yenidən azala bilər

Azərbaycanın qeyri-neft mallarının ixracı yenidən azala bilər
Rusiyaya qarşı tətbiq edilən ağır sanksiyaların bu ölkədə iqtisadi vəziyyəti pisləşdirəcəyi bəllidir.  

İqtisadi vəziyyətin ağırlaşması sadəcə Rusiya əhalisi, biznes subyektləri və ya dövlət üçün problemlər yaratmayacaq. Neqativ dəyişiklikdən həm də Rusiyaya məhsul satan ölkələr öz payını alacaq. Çünki iqtisadi vəziyyət pisləşdikdə alıcılıq qabiliyyəti zəifləyir və bu, idxal göstəricilərinə mənfi təsir edir.  

Sfera.az bildirir ki, Azərbaycan üçün Rusiya bazarı önəmlidir. Ölkəmizdən Rusiyaya hər il bir neçə yüz milyon dollar dəyərində qeyri-neft malı ixrac olunur. Rusiyada iqtisadi vəziyyət, alıcılıq qabiliyyətinin səviyyəsi qeyri-neft mallarının ixrac göstəricilərinə birbaşa təsir edir.  

Şimal qonşumuzda iqtisadi vəziyyətin ağırlaşması ölkəmizdən ixrac edilən malların azalması ilə nəticələnə bilər. Bu halda Azərbaycanın qeyri-neft mallarının satış həcmində azalma baş vermə ehtimalı yüksəkdir.  

Xatırladaq ki, 2014-2016-cı illərdə oxşar hal yaşanıb. 2013-cü ildə qeyri-neft mallarının ixrac dəyəri 1,95 milyard dollardan 2016-cı ildə 1,15 milyard dollara qədər geriləyib.  

2021-ci ildə qeyri-neft mallarının ixracında böyük artım əldə edilib və ixrac dəyəri 2,7 milyard dolları ötüb. İxracın artmasında Rusiyanın idxalı artırmasının rolu böyükdür. Ötən il ümumi ixracın 32,5 faizi Rusiyanın payına düşüb. Rusiya qeyri-neft mallarının idxalını 200 milyon dollar artırıb.  

Sanksiyalar güclü təsir edəcəyi təqdirdə Rusiya Azərbaycandan idxalı azaldacaq. Bu halda ölkəmizdən qeyri-neft mallarının ümumi ixracı ya azalacaq, ya da artım gözlənilən qədər olmayacaq.  

İstənilən halda Rusiyada iqtisadi vəziyyətin pisləşməsi Azərbaycanın ixracına mənfi təsir göstərəcək.  

Vasif 
Sfera.az

OXŞAR XƏBƏRLƏR