Rusiya Ukrayna vasitəsilə qaz nəqlini 2 dəfə artırıb

Rusiya Ukrayna vasitəsilə qaz nəqlini 2 dəfə artırıb
Rusiya Ukrayna qaz nəqli sistemi vasitəsilə qaz ixracını əvvəlki günlərlə müqayisədə 2 dəfə artırıb.  

Sfera.az "RİA Novosti”yə istinadən xəbər verir ki, fevralın 25-də Rusiyadan gündəlik qaz nəqli 100 milyon kubmetr təşkil edib. Bu, fevralın 24-də olan həcmdən 20 faiz, ötən həftə ilə müqayisədə 100 faiz çoxdur.  

Məlumatlardan görünür ki, Rusiya qazının tranziti bazar ertəsindən artmağa başlayıb. Ötən həftə gündəlik nəql təxminən 50 milyon kub metr səviyyəsində idi.   

"RİA Novosti”nin şərhinə görə, artım dinamikası geosiyasi gərginlikdən sonra Rusiya qazına tələbatın yüksəlməsini göstərir. Sayt xəbər verir ki, Avropada yeraltı qaz anbarlarında ehtiyatlar azalır. Fevralın 23-nə olan məlumatdan görünür ki, ehtiyatlar 30,14 faizə düşüb və bu, olduqca aşağı göstəricidir. 

"Qazprom”un satdığı qazın qiyməti də əlverişlidir. Hazırda kəmərlərlə gələn qazın qiyməti spot bazarda alternativ satınalmalardan xeyli ucuzdur. Rusiya şirkəti cümə axşamı bildirib ki, avropalı istehlakçıların istəklərinə uyğun olaraq müntəzəm olaraq Ukrayna vasitəsilə çatdırılma həyata keçirir. 

Qeyd edək ki, Avropanın mərkəzi və qərb hissələrində istilik mövsümü başa çatmaqdadır, hazırda havalar mülayim keçir. Amma buna baxmayaraq Avropada istilik mövsümü adətən martın sonuna qədər davam edir. 

 
Vasif 
Sfera.az

OXŞAR XƏBƏRLƏR