"Müslüm Maqomayevin adı niyə yoxdur? "Qara siyahı" haradan çıxdı..." - Andropovu özündən çıxaran olay
Gündəm
10:57 / 25.02.2022
1898
Onun nazir müavini vəzifəsinə təyin
olunmasına Leonid Brejnev etiraz etsə də, sonda razılaşmağa məcbur olub. Baş
katibin köməkçisi Georgi Tsukanov sonralar verdiyi müsahibələrində bu təyinatla
bağlı fikirlərini belə bölüşüb:
"Vasili Kuxarskinin mədəniyyət
nazirinin müavini təyin edilməsi ilə bağlı Brejnevin kabinetində üç saatdan
artıq müzakirə getdi. Bu müzakirədə Kosıgin, Suslov və Furtseva iştirak edirdilər.
Breynev bu təyinatla razılaşmaq istəmirdi. Furtsevanın təkidi, Kosıginin və
Suslovun dəstəyindən sonra baş katib təklifə razılığnı bildirdi...”
Maraqlıdır, Kuxarskinin nazir
müavini təyinatına yüksək ranqlı dövlət məmurlarının marağı hansı səbəbdən irəli
gəlib?
Sfera.az-ın sovet dövrü ilə bağlı təqdim
etdiyi növbəti yazı Vasili Kuxarski haqqındadır.
1918-ci ildə Kiyevdə anadan olan
Vasili Kuxarski Leninqrad Dövlət Konservatoriyasında təhsil alıb. Sovet-alman
müharibəsi dövründə hərbi əməliyyatların keçirildiyi döyüş bölgələrində xidmət
edib. Müharibənin ilk ilində yaralanaraq xidmətə yarasız sayılan Kuxarski
ordudan tərxis olunaraq arxa cəbhəyə göndərilib. Bir müddət Perm vilayət mədəniyyət
idarəsində işlədikdən sonra o, Moskvaya dəvət alıb.
İncəsənət sahəsinin adamı olmasına
baxmayaraq Kuxarski olduqca sərt, tələbkar və sözünü açıq deməkdən çəkinməyən şəxs
kimi tanınıb. Onun bu cür xarakteri işlədiyi bütün kollektivlərdə də özünü
biruzə verib.
Moskvada fəaliyyətini "Sovetskaya
muzıka” jurnalında məsul katib, "Pravda” qəzetində mədəniyyət şöbəsinin müdiri
kimi davam etdirən Kuxarski 1960-cı ildə Mərkəzi Komitənin mədəniyyət şöbəsinə
təyinat alıb. Bu vəzifədə o, özünü daha çox tanıda bilib.
Kuxarski mədəniyyət və incəsənət
sahəsi ilə bağlı bir çox ümumittifaq miqyaslı komissiyaların üzvü seçilib. Bu
komissiyaların işində digər üzvlər onunla mübahisədən həmişə çəkiniblər. Belə
ki, Kuxarskinin verdiyi rəylər, çıxardığı qərarlar düzgünlüyə, ədalətə söykəndiyindən
onları dəyişmək, yaxud da əksinə getmək mümkün olmayıb. Hətta o, bəzi məsələlərdə
SSRİ-nin mədəniyyət naziri, siyasi elitada kifayət qədər böyük nüfuzu olan Yekaterina
Furtseva ilə də razılaşmayıb. Amma buna baxmayaraq Furtseva onu özünə müavin gətirmək
istəyib. Sözsüz ki, bu da səbəbsiz olmayıb. Sərbəstliyə daha meylli olan mədəniyyət
və incəsənət nümayəndələrinin üzərində Kuxarski kimi bir şəxsin nəzarətini
Furtseva vacib və mütləq sayıb.
Əslində, nazir müavini vəzifəsinə
Brejnevin öz namizədləri olub, baş katib Furtseva ilə görüşdən iki gün əvvəl
nazir müavini təyinatı ilə bağlı Ukraynadan iki nəfəri Mərkəzi Komitəyə söhbətə
çağırıb. Amma Furtsevanın təkidi Brejnevi fikrindən döndərib. Digər tərəfdən
Kosıginin və Suslovun Furtsevanın namizədinə dəstək verməsi də Brejnevi
"yumşaldıb”.
Kreml məmurları Kuxarskinin nəyə
qadir olduğunu yaxşı biliblər. Qatı stalinçi kimi tanınan Kuxarski Stalin məktəbini
görmüş Kosıgin və Suslov üçün münasib kadr sayılıb.
Bu qanun pozuntularında mövcud
dövrün ən populyar ifaçılarından biri olan Müslüm Maqomayevin adı xüsusilə
hallanıb.
Nazirliyin daxili araşdırmaları nəticəsində məlum olub ki, Müslüm
Maqomayev verdiyi hər solo konsertə görə ezamiyyət xərclərindən əlavə 200 rubl
qonorar alıb. Konsert təşkilatçıları, xüsusilə də xarici ölkələrdə Müslüm
Maqomayevin daha çox konsert verməsinə can atıblar, onu razı salmaq üçün
qonorarın məbləğini 600 rubla qaldırıblar və müğənniyə onu da bildiriblər ki,
qonorarın yüksək olması qanun çərçivəsindədir. Əslində isə 200 rublun üzərinə
qoyulan 400 rubl mühasibatlıqda rəsmiləşməyib, bilet maxinasiyasından əldə
olunan gəlirin hesabına olub. Bu maxinasiyaları Kuxarski cinayət adlandırıb və
heç kimlə, o cümlədən Furtseva ilə də hesablaşmadan məsələni hüquqi müstəviyə
çıxarmağa qərar verib. O, Müslüm Maqomayevlə bağlı SSRİ Daxili İşlər
Nazirliyinin Sosialist Əmlakının Dağıdılması ilə Mübarizə İdarəsinə (OBXSS) rəsmi
məktub ünvanlayıb. Məktub rəsmi dövlət qurumundan daxil olduğuna görə DİN-də Maqomayev haqqında cinayət işi
açılıb. Bu hadisə böyük qalmaqala səbəb olub.
Kremlin və Furtesavının müdaxiləsindən
sonra cinayət işinə xitam verilib. Amma bununla yanaşı Maqomayev cəza tədbiri
olaraq bir müddət səhnəyə buraxılmayıb. Məhz həmin ərəfəni Maqomayev Bakıda
keçirib.
Maqomayevin səhnə məhdudiyyəti uzun
çəkinməyib. Həmin ərəfədə Dövlət Təhlükəsizliyi Komitəsi öz yubileyinə
hazırlaşanda DTK sədri Yuri Andropov mədəniyyət naziri Furtseva ilə yubiley
konsertinin təşkilini müzakirə ediblər. Furtseva Andropova konsertdə iştirak edəcək
incəsənət xadimlərinin siyahısını əvvəlcədən göndərəciyini bildirib. Yubiley tədbirinə
bir neçə gün qalmış siyahı Andropova təqdim edilib. Siyahıda Müslüm Maqomayevin
adını görməyən Andropov Furtsevaya zəng vurub:
- Yekaterina
Alekseyevna, siyahıda Maqomayevin adına rast gəlmədik.
Mədəniyyət naziri DTK sədrinin
cavabını dərhal verib:
- Onun
adı bizdə qara siyahıdadır.
Çox nadir hallarda dövlət məmurları
ilə zarafat edən Andropov bu dəfə Furtseva ilə zarafat etməyə qərar verib:
- Mən
elə bilirdim, qara siyahı təkcə bizdə olur.
- Xeyr,
Yuri Vladimiroviç, bizim də öz siyahımız var.
- Mən
bilmirəm sizin siyahı nə rəngdədir, təkcə onu bilirəm ki, Maqomayevin adı bizim
siyahıda yoxdur. Onun konsertdə iştirakını təmin edin.
Bu kiçik dialoq Müslüm Maqomayevi
yenidən böyük səhnələrə qaytarıb.
Kuxarski bu hadisədən razı
qalmayıb, amma Andropova nəsə deməyə də cürəti çatmayıb. Sərt nazir müavini həmin
tədbirdə iştirak edib və elə həmin tədbirdə də Maqomayevlə barışıblar.
Vasili Kuxarski 16 il, 1983-cü ilə
qədər nazir müavini vəzifəsində qalıb. Onun bir neçə dəfə nazir kürsüsünə keçmək
şansı yaransa da, Kreml məmurları sərt xarakterinə görə bu təyinata razılıq
verməyiblər. Yuni Andropov isə hakimiyyətə gəldikdən sonra Kuxarskini tutduğu vəzifədən
azad edib.
İlham Cəmiloğlu
Sfera.az