Ukrayna böhranı qızılı bahalaşdırır: 61 dollara yüksəldi

Ukrayna böhranı qızılı bahalaşdırır: 61 dollara yüksəldi
Ukrayna ətrafında yaranan siyasi gərginliyin tədricən hərbi qarşıdurmaya çevrilməsi qızılın dəyərinin sürətlə artmasına səbəb olur. Artıq qızılın qiyməti 61 dollar səviyyəsinə çatıb. 

Sfera.az xəbər verir ki, 2021-ci ilin yanvarın sonunda xalis qızılın (999,9 ayar) bir qramının qiyməti 57 dollar idi. Ukrayna ilə bağlı vəziyyət ağırlaşdıqdan sonra qızıl qısa müddətdə xeyli bahalaşaraq nəcib metalın qiyməti 61 dollara çatdı. Bu qiymət son 8 ayda qeydə alınan ən yüksək qiymətdir.  
Qızıl adi əmtəə deyil, o həm də yığım vasitəsidir. Buna görə də investorlar, banklar, maliyyə fondları, hətta sadə insanlar dollar və digər valyutalarla bərabər qızılla da yığım həyata keçirir. Təcrübə göstərir ki, gərgin dövrlərdə valyutalarla müqayisədə qızılla yığım etmək daha sərfəlidir, eyni zamanda etibarlıdır. Bu səbəbdən müharibələr zamanı qızılın qiyməti artır.  

Əgər Ukrayna böhranı hərbi münaqişəyə çevrilərsə, Rusiya işğal planlarını həyata keçirərsə, ABŞ və digər Qərb dövlətləri Rusiyaya qarşı sərt sanksiyalar tətbiq edəcək. Sanksiyalar qlobal iqtisadiyyatla bağlı narahatçılıq artacağından qızılla yığımlar bir qədər də güclənəcək.  

Proqnozlaşdırılan pis ssenarilər nəzərə alındığında yaxın aylarda da qızılın bahalaşması ehtimalı güclüdür. Böyük ehtimalla yaxın həftələrdə qızılın qiymətində yeni rekordu müşahidə edə bilərik.  

Xatırladaq ki, qızıl indiyə qədər ən yüksək qiymətə 2020-ci ilin iyulunda satılıb. Həmin tarixdə qızılın dəyəri 65 dollar idi. Mövcud şərtlər daxilində nəcib metalın qiymətinin yenidən bu səviyyəyə çatması realdır. 

Qızılın bahalaşmasının Azərbaycana ancaq faydası var. Çünki Azərbaycan Dövlət Neft Fondunun aktivlərinin bir hissəsi xalis qızılda saxlanılır. 2021-ci ilin sonuna aid olan məlumata əsasən, Fondun 101,8 ton qızılı var. Ötən ilin sonunda bu qədər qızılın dəyəri 5,89 milyard dollar idi və cəmi aktivlərin 13,1 faizini təşkil edirdi.  

Hazırkı qiymətlə 101,8 ton qızlın dəyəri 6,21 milyard dollardır. Buradan görünür ki, yalnız qızılın bahalaşması hesabına Fondun aktivləri 320 milyon dollar artıb. Əgər qızılın qiyməti 65 dollar olarsa, Fondun qızılla olan aktivlərinin dəyəri 6,62 milyard dollara yüksələcək.  

Vasif 
Sfera.az


OXŞAR XƏBƏRLƏR