Emal sənayesinin böyüyən 2 sahəsi: bu sahələr qeyri-neft ixracını artırır

Emal sənayesinin böyüyən 2 sahəsi: bu sahələr qeyri-neft ixracını artırır
Azərbaycanın emal sənayesində məhsul istehsalından danışılanda əsasən 2 sahənin adı önə çıxır. Bu sahələr qida məhsullarının istehsalı və neft məhsullarının istehsalı sahələridir. Son illərə qədər adıçəkilən sahələr emal sənayesindəki istehsalın 70 faizini təmin edirdi və həmin sahələrdəki istehsal göstəricilərinin dəyişməsi emal sənayesinin ümumi nəticələrinə güclü təsir edirdi.  

Amma son 2-3 ildə daha 2 sahədə istehsal göstəricilərinin yaxşılaşması müşahidə olunur. Bunlar kimya sənaye sahəsi və metallurgiya, hazır metal məmulatların istehsalı sahələridir. 2020-2021-ci illərdə burada göstəricilərin xeyli dərəcədə yaxşılaşması bariz şəkildə nəzərə çarpır.  

Sfera.az bildirir ki, 2022-ci ilin yanvar ayına aid olan məlumata əsasən emal sənayesində qida və neft məhsullarının istehsalının payı 55 faizə geriləyib.  
Geriləmənin səbəbi həmin sahələrdə istehsalın azalması ilə bağlı deyil. Hər iki sahədə istehsalda 20-30 faiz səviyyəsində artım qeydə alınıb. Amma digər sahələrdə, xüsusən də kimya və metallurgiya sahələrində istehsal göstəricilərinin xeyli yaxşılaşması emal sənayesində ənənəvi 2 sahənin payını azaldıb.  

Kimya sənayesində yanvarda istehsalın həcmi 176 milyon manat olmaqla ötən ilin eyni dövründən 61,6 faiz çox olub. Sənayenin bu sahəsində əsas məhsul olan propilen istehsalı 5,9 faiz artıb. Yanvarda 14,4 min ton propilen istehsal edilib. Kimya məhsullarının istehsalındakı artımı dəstəkləyən əsas faktor ixracın artmasıdır. Yanvar ayında 70 milyon dollar dəyərində kimya sənayesi məhsulu ixrac olunub və bu məhsulların qeyri-neft sektorunda payı 30 faiz təşkil edib.  

Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində isə 2022-ci ilin yanvar ayında 126,4 milyon manatlıq məhsul istehsal olunub. Hazır metal məmulatlarının istehsalı sahəsində 59 faiz, metallurgiya sənayesi məhsullarının istehsalında 40,8 faiz artım müşahidə edilib.  

Bu sahələrdə də istehsalın artması daha çox ixracın artması ilə bağlıdır. Yanvarda 30 milyon dollarlıq məhsullar ixrac edilib və bu məhsullar cəmi qeyri-neft ixracının 13 faizini təşkil edib.  

Ümumilikdə, kimya sənaye sahələrində və metallurgiya, hazır metal məmulatların istehsalı sahələrində 302,4 milyon manatlıq məhsul istehsal edilib ki, bu da emal sektorundakı istehsalın 20,4 faizini formalaşdırıb. Qeyri-neft ixracındakı payları isə 43 faizi ötüb.   

Adıçəkilən iki sahə üzrə istehsal imkanlarının artırılması potensialı böyükdür. Buralarda yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulur, eyni zamanda mövcud istehsal güclərinin artırılması planlaşdırılır. Qeyd edilən dəyişikliklərin olması bu sahələrin emal sektorunda payını bir qədər də artacaq, ixrac göstəricilərini isə yaxşılaşdıracaq.  

Vasif 
Sfera.az

OXŞAR XƏBƏRLƏR