Avropa enerji böhranı ilə üz-üzədir: "Rusiyanı əvəzləyəcək ölkə yoxdur"

Avropa enerji böhranı ilə üz-üzədir:
"Qətər və ya hər hansı digər ölkənin Rusiya qədər qazı LNG-yə çevirib təkbaşına Avropaya çatdırmaq imkanı yoxdur”.  
 
Sfera.az "Bloomberg”ə istinadən xəbər verir ki, bunu Qətərin energetika və sənaye naziri Səəd əl-Kəəbi bildirib.
  
Kəəbi qeyd edib ki, Qətər hasil etdiyi təbii qazın böyük hissəsini uzunmüddətli müqavilələrlə asiyalı alıcılara satır. O ölkəsinin istehsal etdiyi qazın 10-15 faizini Avropaya ixrac edə biləcəyini söyləyib. 

Qətər rəsmisi açıq şəkildə bəyan edib ki, Avropanın qazla təminatında qısa müddətdə Rusiyaya alternativ tapmaq mümkün deyil: "Rusiya Avropanın qaz ehtiyaclarının 30-40 faizini təmin edir. Mən hesab edirəm ki, LNG ilə bu boşluğu bağlaya biləcək bir ölkə yoxdur".
  
"Bloomberg” yazır ki, Kəəbinin LNG təchizatı ilə bağlı fikri Avropanın enerji təhlükəsizliyi ilə bağlı narahatlıqları daha da artırıb. 

Xatırladaq ki, Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen də Rusiya qazından həddən artıq asılı olduqlarına diqqət çəkib. Bununla belə o, Almaniyanın "Şimal axını 2” boru kəməri layihəsinin təsdiq prosesini dayandırmaq qərarını düzgün hesab etdiyini bildirib: 

"”Şimal axını 2” bütün Avropanın enerji təchizatının təhlükəsizliyi baxımından  qiymətləndirilməlidir. Çünki bu böhran Avropanın hələ də Rusiya qazından çox asılı olduğunu göstərdi. Biz təchizatçılarımızı diversifikasiya etməli və bərpa olunan enerjiyə böyük həcmdə sərmayə qoymalıyıq.  Bu, enerji müstəqilliyimizə strateji sərmayədir”. 

Vasif
Sfera.az 

 

 


OXŞAR XƏBƏRLƏR