Azərbaycanda "tiktoker"lərə pul tökənlər kimlərdir? - Məhdudiyyət qoyula bilər

Azərbaycanda
Son zamanlar "Tik-Tok” sosial platforması ilə bağlı bir sıra məsələlər gündəmə gəlib. Bunlardan biri də canlı yayımlarda verilən hədiyyələr, göndərilən jetonlarla bağlıdır – hansı ki, bunlar canlı yayım açan şəxsə də kifayət qədər pul qazandırır və  jetonlara görə izləyici ödənişlər edir. Məsələn, ötən günlərdə Özbəkistandan olan bir "tiktoker"lə duelə çıxan "nikosayağı” ləqəbli azəbaycanlının canlı yayımı 10 milyon bəyənmə aldı, 3 milyondan çox jeton yığıldı. Bu jetonlar isə fenomenə 1 yayıma 7 000 dollardan çox pul qazandırdı.  
 
Belə hədiyyələr göndərən izləyicilər arasında təəssüf ki, valideynlərindən gizli şəkildə pul xərcləyərək jeton alan uşaqlar, yeniyetmələr də olur.

Bununla bağlı Sfera.az-a açıqlama verən sosioloq Lalə Mehralı qeyd edib ki, bu məsələlərlə bağlı bir çox nüans qaranlıq olaraq qalmaqdadır:

"Azərbaycanda "Tik-Tok"dan istifadə edənlərin əksəriyyəti gənclər, yeniyetmələrdir. Onlar o boyda pulu necə əldə edirlər, hədiyyələri hansı formada verirlər? Təbii ki, yeniyetmələrin gəlirləri yoxdur, valideynin dəstəyi olur. Bəs valideyn bilirmi övladına xərcləmək üçün verdiyi pullar hara gedir? Bütün bunları düşünməyə başlamaq lazımdır. Bu yaxınlarda oxşar hadisə Türkiyədə də baş vermişdi – məşhur müğənni Demet Akalının azyaşlı qızı anasının telefonu ilə (onun hesabına) hansısa "tiktoker"in canlı yayımına 7 min türk lirəsi göndərmişdi. Bu baxımdan düşünürəm ki, müəyyən çərçivələr olmalıdır.
Necə ki, "Facebook” sosial şəbəkəsində yaş sərhədləri var, eləcə də bunu "Tik-Tok”a tətbiq etmək mümkündür. Canlı yayımlara jetonlar hədiyyə edənlərə, əyləncə "tiktoker"lərinə minlərlə dollar xərcləyənlərə bu gün müraciət etsək ki, bir vətəndaşımız qan xərçəngindən əziyyət çəkir, müalicəsi üçün dəstək olmaq lazımdır, işsizlikdən və ya maddi  durumun aşağı olmağından şikayətlənəcəklər. Amma gördüyümüz kimi, əslində  insanlar pul xərcləyə bilirlər. Təəssüf ki, pulu lüzumsuz yerlərə verməyə çəkinmirik”.

Müsahibimiz bildirib ki, hazırda "Tik-Tok”la bağlı müşahidə olunan bu durumun cəmiyyəti uçuruma apardığını da demək olmaz:

"Çünki hər platformanın öz istifadəçiləri var və sözügedən şəbəkədə faydalı şeylər də paylaşılır. Bir misal var: Bıçaq insanın əlindədir, onla çörək də doğraya bilər, insana zərər də yetirə bilər. Məncə bu məsələ də onun kimidir – baxır kim, hansı məqsədlə istifadə edir. Lakin müəyyən qədər uşaqların istifadəsinə qadağa qoyulsa, daha yaxşı olar. Canlı yayım açıb "Tik-Tok”da yüngül hərəkətlər sərgiləyən insanlar bunu digər yerlərdə də (məsələn, "Instagram”da) edirlər. Sadəcə məkan dəyişib. Bizdə ümumiyyətlə, "filtr” proqramları yox səviyyəsindədir. Hər şeyin uşaqlara, müəyyən yaş qismində olan insanlara əlçatan olması doğru deyil. Azad internet o demək deyil ki, uşaqlar da ondan rahat formada istifadə etsinlər. Bütün bunların nəzərə alınmasında fayda var”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR