Dünyada taxıl böhranı yaranacaq

İqtisadiyyat
13:47 / 22.02.2022
903
Ukraynada genişmiqyaslı müharibənin başlaması dünyada buğda çatışmazlığı ilə əlaqədar taxıl böhranı yarada bilər.
Sfera.az bildirir ki, Rusiya və Ukrayna dünyada ən çox buğda ixrac edən 5 ölkədən biridir. Əsas ixracatçılar siyahısında Rusiya birinci, Ukrayna beşinci sırada dayanır.
2020-ci ilin məlumatına əsasən, ölkələr 200 milyon tona yaxın buğda idxal edib. İdxal edilən buğdanın təxminən 35 milyon tonunu Rusiya, 18 milyon tonunu Ukrayna satıb.
Müharibələr zamanı ölkələr əsas ərzaq məhsullarının ehtiyatını artırır. Ehtiyatı artırılan əsas ərzaq məhsullarından biri məhz buğda olur. Ehtimal edilir ki, Ukraynada müharibə genişmiqyaslı olarsa və uzun müddət (ən azı 1 il) davam edərsə, buğda idxal edən ölkələr məhsul tapmaqda çətinliklə üzləşəcəklər. Bunun nəticəsində buğda qiymətlərinin yenidən yüksələcəyi iddia olunur.
Xatırladaq ki, 2014-cü ildə Ukraynanın şərqində baş verən münaqişə zamanı buğda qiymətləri nəinki yüksəlməmişdi, əksinə bir qədər də enmişdi. Lakin nəzərə almaq lazımdır ki, 8 il əvvəlki müharibə lokal xarakter daşıyırdı və Ukraynanın 4-5 faizi əhatə edən ərazidə baş verirdi. Proqnozlaşdırılan yeni müharibə isə Ukrayna ərazisinin təxminən yarısını əhatə edə bilər.
Vasif
Sfera.az