İlk devalvasiyadan 7 il ötür – Manatın ucuzlaşması hansı dəyişikliklər yaratdı?

11:35 / 21.02.2022
595
Azərbaycanda ilk devalvasiyanın qeydə alındığı tarixdən 7 il ötür.
Həmin dövrdə AMB-ni devalvasiya qərarını verməyə məcbur edən ciddi makroiqtisadi səbəblər var idi. Ölkəmizin ixracında, xarici valyutada olan gəlirlərimizdə əsas paya sahib olan neft gəlirlərində ciddi azalma başlamışdı. Fevrala qədər neft qiymətləri 2 dəfəyə yaxın enmişdi və ucuzlaşma prosesi davam edirdi. 2015-ci ili dekabrında "Brent” neftinin dəyəri hətta 34 dollara qədər düşdü ki, bu da 3,3 dəfə ucuzlaşma demək idi.
Məzənnədə ciddi korrektənin həyata keçirilməsinə baxmayaraq neftin kəskin ucuzlaşması Azərbaycanın cari əməliyyatlar balansında və ümumən tədiyə balansında böyük kəsir yaratdı. 2015-ci ilin yekununda tədiyə balansında yaranan kəsirin məbləği 11,329 milyard dollar oldu. Devalvasiya, ardınca həyata keçirilən sərt monetar və fiskal siyasət hesabına, həmçinin neft qiymətlərinin bir qədər yüksəlməsi ilə tədiyə balansında kəsir 2016-cı ildə 640 milyon dollara salındı. Tədiyə balansında profisiti isə yalnız 2017-ci ildə təmin etmək mümkün oldu. Həmin ilin yekununda 1,971 milyard dollar profisit qeydə alındı.
Sfera.az xatırladır ki, Azərbaycanın Mərkəzi Bankının (AMB) qərarı ilə 2015-ci ilin fevralın 21-də dollar/manat məzənnəsi 33,86 faiz artırılaraq 0,784-dən 1,05-ə çatdırıldı.
Kəskin ucuzlaşmanın daha böyük neqativ təsirlərindən yayınmaq üçün AMB 2015-ci ilin dekabrında növbəti devalvasiya qərarını qəbul etdi və dollar/manat məzənnəsi 1,55 səviyyəsinə yüksəldi.
Devalvasiyanın Azərbaycan üçün ən böyük faydası cari əməliyyatlar və tədiyə balansında tarazlığı daha aşağı neft qiymətləri ilə təmin etməyin mümkünlüyü idi. Məzənnə dəyişikliyinə qədər tarazlığı təmin etmək üçün neftin qiymətinin 65 dollardan aşağı düşməməsi tələb edilirdisə, devalvasiyadan sonra minimum qiymət həddi 45 dollara düşdü.
Amma devalvasiya ciddi neqativ nəticələr də yaratdı. 2015-ci ildən sonra ölkə əhalisinin real gəlirləri azaldı, 2016 və 2017-ci illərdə ölkəmizdə 10-13 faiz səviyyəsində inflyasiya qeydə alındı, banklar, şirkətlər çətin maliyyə vəziyyətilə üzləşdi, AMB-nin valyuta ehtiyatları 15,5 milyard dollardan 3,5 milyard dollara qədər, Dövlət Neft Fondunun ehtiyatları isə 37,1 milyard dollardan 33,1 milyard dollara qədər azaldı. Yalnız 2017-ci ildən sonra iqtisadiyyatda vəziyyət müsbətə doğru dəyişməyə başladı, makroiqtisadi sabitlik təmin edildi. Lakin hələ də iqtisadiyyatda devalvasiyadan öncəki göstəriciləri təkrarlamaq mümkün olmayıb. 2014-cü ildə Azərbaycanda ümumi daxili məhsul (ÜDM) istehsalı 75 milyard dollar, adambaşına düşən ÜDM-nin payı isə 7,97 min dollar idi. 2021-ci ildə ÜDM istehsalı 54,6 milyard dollar olmaqla adambaşına istehsal 5,45 min dollar olub.
Azərbaycan bundan sonra istehsalı 40 faiz artırmalıdır ki, ÜDM-yə dair göstəricilər devalvasiyadan əvvəlki səviyyəyə çatsın.
Vasif
Sfera.az