Elektron ticarət sahibkarlara geniş bazar açır: Yeni "oyun qaydaları"

12:02 / 18.02.2022
688
İnformasiya kommunikasiya texnologiyalarının inkişaf etməsi ticarət formalarının və əməliyyatlarının sadələşdirilməsinə geniş imkanlar yaradıb. Son illərdə internetin inkişafı, internet istifadəçilərinin sayının artması, nağdsız ödənişlərin kütləviləşməsi ticarətin yeni və əlverişli formasının - elektron ticarətin (e-ticarət) təşəkkül tapmasına səbəb olub.

Sfera.az xəbər verir ki, inkişaf etmiş ölkələrdə e-ticarətin ümumi ticarətdə payı 50 faizdən çoxdur. Bəzi ölkələrdə hətta 70-80 faiz səviyyəsindədir.
E-ticarətin bu səviyyədə genişləndiyi dövrümüzdə Azərbaycanda da müasir ticarət vərdişlərini mənimsəmə genişlənir. Ölkəmizdə e-ticarətə dair qanunvericilik bazasının formalaşması, informasiya sistemlərinin kifayət qədər genişlənməsi ticarətin müasir formasının ümumi ticarətdə payını artırır.
2017-ci ildə Azərbaycanda elektron ticarətin həcmi 593 milyon manat idi və cəmi pərakəndə ticarətin 1,7 faizini təşkil edirdi. 2021-ci ildə elektron ticarətin həcmi 7,2 milyard manatı keçməklə pərakəndə ticarətin 16,2 faizini formalaşdırıb.
Bəs, e-ticarətin həcminin böyüməsini zəruri edən nədir? Bunun iqtisadiyyata hansı faydaları var?
E-ticarətə dair vərdişlərin dünyada sürətlə mənimsənilməsinin əsas səbəbi onun səmərəliliyindədir. Bu ticarət forması 3 maraqlı tərəf, yəni, həm satıcı (sahibkar), həm alıcı (istehlakçı), həm də dövlət (vergi toplayan) üçün əlverişlidir.
E-ticarət sahibkarlıq fəaliyyətinin, xüsusilə də kiçik və orta sahibkarlığın maneəsiz həyata keçirilməsinə imkan verən ticarət formalarından ən əlverişlisi sayılır. Burada sahibkarlıq fəaliyyətinə başlamaq üçün böyük sərmayəyə ehtiyac yoxdur, mağaza üçün kirayə haqqı yoxdur, onlarla işçiyə əmək haqqı, müxtəlif kommunal xərclər olmur. Azad və ədalətli rəqabət üçün şərait var, malların, xidmətlərin və maliyyə vəsaitlərinin sərbəst hərəkəti imkanı mövcuddur.
İstehlakçıya e-ticarət ilk növbədə rahatlıq bəxş edir. İnsanlar tələbatlarını internet vasitəsilə ödəyə bilir. Hər hansı məhsulu əldə etmək üçün böyük vaxt sərf edib mağazaya getməyə ehtiyac qalmır.

Dövlətin maraqları nəzərə alındığında e-ticarət şəffaflıq, dövriyyəyə asanlıqla nəzarət, vergidən yayınmamaq deməkdir. E-ticarətin geniş yayıldığı cəmiyyətlərdə iqtisadiyyatın şəffaflığı tam təmin olunur və korrupsiya halları minimuma enir.
Azərbaycanda "Elektron ticarət haqqında” ayrıca qanun da var. Bu qanun 2005-ci ildə qəbul olunub. Qanun Azərbaycanda e-ticarətin təşkili və həyata keçirilməsinin hüquqi əsaslarını, onun iştirakçılarının hüquq və vəzifələrini, habelə e-ticarət haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyəti müəyyən edir. Maliyyə bazarı, o cümlədən sığorta və qiymətli kağızlar bazarı istisna olmaqla, bu qanun Azərbaycanda bütün digər sahələrdə həyata keçirilən e-ticarətə şamil olunur.
Qanun deyir ki, e-ticarətin həyata keçirilməsinə xüsusi razılıq (lisenziya) tələb edilmir. Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət sahələrində e-ticarət aparıldıqda, satıcı (təchizatçı) qanunvericilikdə müəyyən edilən qaydada həmin fəaliyyətə xüsusi razılıq (lisenziya) almalıdır.
Qeyd edək ki, "Elektron ticarət haqqında” qanun 2005-ci ildə qəbul edilsə də e-ticarətin ilk cücərtiləri 3 il sonra, yəni 2008-ci ildə özünü göstərməyə başlayıb. Ləngimənin əsas səbəblərindən biri internet vasitəsilə ödəmə sisteminin zəif təşəkkül tapması idi. 2008-ci il dekabrın 2-də "SilverKey Azərbaycan” şirkəti Azərbaycanda ilk dəfə olaraq "Visa” və "MasterCard ” tərəfindən xüsusi lisenziya almış "GoldenPay” adlı onlayn ödəmə sistemi quraraq, şirkətlərə və dövlət qurumlarına təqdim edib.
Artıq sahibkarlar və siyasi hakimiyyət e-ticarətin Azərbaycanın iqtisadi inkişafı üçün əhəmiyyətli vasitə olduğunu anlayır. Buna görə də sahibkarlıq subyektləri hökmən biznes siyasətlərində informasiya sistemlərinin gətirdiyi üstünlüklərdən istifadə etməlidir. E-ticarət sahibkarlardan heç də ənənəvi biznes qaydalarını tamamilə və ya əsaslı şəkildə dəyişməyi tələb etmir. Sadəcə yeni sistemə uyğunlaşmaqla, yeni oyun qaydalarını mənimsəmək lazımdır.
E-ticarət öz məhsul və xidmətlərini daha asanlıqla satmağa can atan şirkətlərə geniş bazar yaradır. Onu da nəzərə almaq lazımdır ki, virtual ticarət internetin imkanlarına arxalandığından şirkətin təklif etdiyi məhsulları dünyada internetdən istifadə edən milyardlarla istidadəçi də izləyə bilər.
Mütəxəsislər deyir ki, şirkətlər üçün e-ticarət xidmətlərinin yaradılması yeni mağazanın açılması kimi önəmli hadisədir. Bu mənada həmin imkanlardan vaxt itirmədən yararlanmaq vacibdir.
Vasif
Sfera.az
MÖVZU: İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi
QEYD: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
