"Bazarda “köpüklər” yaranacaq" - Neft qiymətləri ilə bağlı PROQNOZ

İqtisadiyyat
16:34 / 17.02.2022
938
"Azərbaycan neftinin bir bareli 100 dollardan baha satılır. Neftə tələbin artması, Rusiya və Ukrayna gərginliyinin hələlik tam aradan qalxmaması və yoluxma sayının artmasına baxmayaraq qlobal pandemiyanın təsirləri ilə bağlı gözləntilərin nikbinləşməsi "qara qızılın” qiymətinə təsirsiz ötüşməyib. Bu gün "Brent"in 2 faiz dəyər itirməsinə baxmayaraq neftin qiyməti yüksək olaraq qalmaqdadır”.
Sfera.az bildirir ki, bunu iqtisadçı-deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, 2022-ci ilin dövlət büdcəsində 1 barel neftin qiymətinin 50 dollar müəyyənləşdirildiyi nəzərə alınsa, neftin illik orta qiyməti yüksək olarsa, Dövlət Neft Fonduna daxil olmaları artıracaq və valyuta ehtiyatlarımız çoxalacaq:
"Bu baxımdan, neft bazarındakı son tendensiya bütövlükdə neft ölkələri üçün arzuolunan dəyişiklikdir. Bununla yanaşı, neftin qiymətinin kəskin artımlar neft bazarı üçün potensial risklər formalaşdırır. Qiymət artımları bir tərəfdən gündəlik 12 milyon xam neft hasil edən Birləşmiş Ştatlarda şişt neft hasilatını artıracaq, digər tərəfdən bazarda "köpüklər” yaradacaq. Bu baxımdan, artan qiymətlərin yenidən aşağı enməsi istisna ediımir”.
Millət vəkili qeyd edib ki, enerji məhsulları ixrac edən əksər ölkələr və eləcə də Azərbaycan üçün neft bazarındakı stabillik valyuta daxilolmalarının optimallığı baxımdan vacibdir:
"Əksər neft ölkələri üçün 1 barel neftin qiymətinin 75-80 dollar intervalında stabilləşməsi iqtisadi baxımdan məqbul hesab olunur. Amma neftin qiyməti yalnız iqtisadi deyil, eyni zamanda siyasi faktorlardan asılı olduğundan istənilən zaman bazarda sıçrayışlar istisna edilmir. Neft bazarındakı proqnozlaşdırılmayan volatillik bir daha təsdiq edir ki, enerji resurslar ilə zəngin ölkələr üçün güclü qeyri-neft sektoru formalaşdırmaq alternativsizdir. Prioritet də neft gəlirlərindən asıllığı minimumlaşdırmaqdır”.
Günay Rəsulqızı
Sfera.az