Yeyinti məhsullarının idxalı böyük sürətlə artır - Prosesi necə tərsinə çevirmək olar?

14:10 / 16.02.2022
767
Azərbaycanın aqrar ölkə olmasına və yeyinti sənayesinin inkişaf etməsinə baxmayaraq hələ də yeyinti məhsullarının idxalı ixracdan xeyli çoxdur.
Düzdür, Azərbaycan dünyanın aztorpaqlı ölkələrindən sayılır və bu fakt kəmiyyət etibarilə daha çox məhsul yetişdirilməsini əngəlləyir. Eyni zamanda, uzun müddət torpaqlarımızın 20 faizə qədərinin işğal altında qalması əkin və otlaq sahələrinin xeyli azalmasına səbəb olub.
Sfera.az bildirir ki, sadalanan amillər kənd təsərrüfatı və ərzaq mallarının istehsalı həcminə mənfi təsir etsə də, digər amillər, o cümlədən iqlim şəraitinin əlverişli olması əksər bitkiçilik və heyvandarlıq məhsullarının yetişdirilməsinə imkan verir.
İstehsalda və idarəetmədə üstün texnologiyanı tətbiq etməklə kiçik əkin sahələrindən, azsayda heyvanlardan da yüksək məhsul əldə etmək mümkündür.
Lakin müxtəlif səbəblərdən Azərbaycanda aqrar sahədə üstün texnologiyaları yetərincə tətbiq etmək mümkün olmayıb və bu səbəbdən hələ də yeyinti məhsullarının idxalı ixracdan xeyli çoxdur.
Rəsmi statistikaya əsasən, yeyinti məhsullarının (spirtli içkilər və tütün məmulatları daxil olmaqla) ixracı 2020-ci ildə 926,2 milyon dollar, 2021-ci ildə 1,105 milyard dollar olub. Bunun əvəzində yeyinti məhsullarının idxalı 2020-ci ildə 1,641 milyard dollar, 2021-ci ildə 1,93 milyard dollar təşkil edib. Ötən il idxal ixracdan 1,75 dəfə və ya 825 milyon dollar çoxdur.
Müqayisə göstərir ki, yeyinti məhsullarının idxalı ixracından daha böyük sürətlə artır.
Azərbaycan rasional tədbirlər görməklə yeyinti məhsullarının idxalını azaltmaq olar. Çünki Azərbaycan yeyinti məhsullarının əksər hissəsini region ölkələrindən idxal edir. Ölkəmizə gətirilən qida məhsulları Rusiya, Türkiyə, Gürcüstan, İran və başqa yaxın ölkələrdən gətirilir ki, bu ölkələrlə coğrafi yaxınlıq, iqlim uyğunluğu eyni növ məhsulların istehsalının Azərbaycanda da təşkilinin mümkün olduğunu göstərir.
Qeyd edək ki, kənd təsərrüfatının inkişafı üzrə qəbul edilən Strateji Yol Xəritəsində idxalı əvəz etmək potensialı olan bir sıra kənd təsərrüfatı və emal sənayesi məhsulları müəyyənləşdirilib. Həmin məhsullar heyvandarlıq məhsulları: ət, süd, quş əti; dənli paxlalılar: buğda, qarğıdalı və s.; sənaye təyinatlı məhsullar: pambıq, tütün, şəkər çuğunduru, çay, dərman bitkiləri, barama, yun, gön-dəri şəklində qruplaşdırılıb.
Yol Xəritəsində göstərilir ki, ortamüddətli perspektiv üçün idxalın əvəzlənməsi məqsədi ilə sənaye məhsulları üzrə emalın inkişaf etdirilməsi nəzərdə tutulur.
Vasif
Sfera.az