Sərmayə qoyuluşu azalır: iqtisadi artım zəifləyə bilər

16:59 / 15.02.2022
1544
Azərbaycanda 2015-ci ildə baş verən devalvasiyalardan sonra əsas kapitala sərmayə qoyuluşunun azalması adi hala çevrilib. Devalvasiyadan sonrakı ilk illərdə azalmanın səbəbi neft-qaz layihələri ilə əlaqədar əsas işlərin yekunlaşmasıydısa, son 3 ildə azalmanın səbəbləri sırasına həm də qeyri-neft sektoruna investisiya qoyuluşunda böhranın yaranması da qoşulub.
Sfera.az xəbər verir ki, əsas kapitala sərmayə qoyuluşunda azalma 2022-ci ilin yanvarında da qeydə alınıb. Əsas kapitala 658 milyon manat məbləğində sərmayə qoyulub ki, bu da 2021-ci ilin müvafiq ayı ilə müqayisədə 11,1 faiz azdır.
Yanvarda neft-qaz sektoruna yatırılan investisiyaların həcmi 9,8 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 12,7 faiz azalıb.
Qeyri-neft sektorunda əsas kapitala sərmayə qoyuluşu sonuncu dəfə 2019-cu ildə artıb. Həmin ildə qeyri-neft sektoruna sərmayə qoyuluşu 1,9 faiz artıb, ümumi iqtisadiyyata sərmayə qoyuluşu isə 3,3 faiz azalıb.
2020 və 2021-ci illərdə qeyri-neft sektorunda da əsas kapitala sərmayə qoyuluşu azalır. 2020-ci ildə iqtisadiyyata sərmayə qoyuluşu 8,2 faiz (qeyri-neft sektorunda 9,6 faiz, neft-qaz sahələrində 50,2 faiz), 2021-ci ildə 8,3 faiz (qeyri-neft sektorunda 12,3 faiz, neft-qaz sahələrində 12,1 faiz) azalıb.
İqtisadiyyata, xüsusən də qeyri-neft sektoruna sərmayə qoyuluşunun azalması yaxşı əlamət deyil. Son illərdə iqtisadiyyatda əlavə dəyərin yaradılmasında qeyri-neft sektorunun rolu böyükdür. Faktiki olaraq qeyri-neft sektoru iqtisadiyyatın lokomotivinə çevrilib. Buna görə də qeyri-neft sektoruna və ümumən iqtisadiyyatda əsas kapitala sərmayə qoyuluşunun artırılması vacibdir. Əks təqdirdə bir neçə ildən sonra iqtisadi artımı təmin etmək çətinləşəcək.
Vasif
Sfera.az