Prezident FƏRMAN imzaladı
15:46 / 15.02.2022
3074
Prezident İlham Əliyev Uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması və hüquqlarının müdafiəsinin gücləndirilməsi ilə bağlı bəzi məsələlər haqqında Fərman imzalayıb.
Sfera.az xəbər verir ki, Fərmanla 2022-ci il noyabrın 1-dən himayədar ailə sahəsində dövlət siyasətinin, tənzimləmənin və dövlət nəzarətinin, o cümlədən himayədar ailə (himayədar valideyn) olmaq istəyən ailələrin (şəxslərin) və himayədar ailəyə verilmiş uşaqların vahid uçotunun elektron qaydada aparılması, valideyn himayəsindən məhrum olmuş uşaqların valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələrdə (bundan sonra – müəssisə) yerləşdirilməsi, habelə həmin müəssisələri tərk etməsi ilə bağlı qərarların qəbul edilməsi, sosial dəstək mexanizmlərinin tətbiqi vasitəsilə uşaqların müəssisələrdən ailələrinə qaytarılması və ya himayədar ailəyə verilməsi, eləcə də onların müəssisələrə düşməsinin qarşısının alınması ilə bağlı tədbirlər görülməsi və müəssisələrdə olan uşaqlarla bağlı fərdi inkişaf planlarının hazırlanması sahəsində səlahiyyətlərin həyata keçirilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilir.
Azərbaycan Respublikasının Nazirlər Kabineti:
- himayədar ailə institutunun inkişaf etdirilməsi və təşviqi ilə, habelə bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş digər məsələlərlə bağlı normativ hüquqi bazanın təkmilləşdirilməsinə dair təkliflərini yeddi ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək;
- bu Fərmandan irəli gələn digər məsələləri həll edəcək.
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:
- bu Fərmanın 1-ci hissəsi nəzərə alınmaqla, 2022-ci il noyabrın 1-dək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminin təkmilləşdirilməsini təmin edəcək;
- bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görəcək.
Aidiyyəti dövlət orqanları (qurumları) bu Fərmandan irəli gələn məsələlərin həllinə zəruri kömək göstərəcəklər.