Mərkəzi Bank yeni QƏRAR verə bilər - Qiymət artımı gücləndiyi üçün...

12:33 / 15.02.2022
1898
Yüksək inflyasiya Mərkəzi Bankdan pul-kredit (monetar) siyasətini sərtləşdirilməyi tələb edir. Mərkəzi Bankın başlıca vəzifəsi ölkədə qiymət sabitliyini təmin etmək olduğundan qurum bu məqsədinə çatmaq üçün monetar siyasətini bir qədər də sərtləşdirməlidir.
Sfera.az bildirir ki, yüksək inflyasiya şəraitində iqtisadi artımın pul siyasəti vasitəsilə stimullaşdırılması effektli deyil. Bu halda tələb daha da güclənir və qiymət artımları üçün əlavə zəmin yaranır. Ona görə də bütün dünyada olduğu kimi Azərbaycanda da qiymət artımları gücləndikdə monetar siyasət sərtləşdirilir.
Ölkəmizdə monetar siyasətin sərtləşdirilməsi 2021-ci ildən müşahidə edilir. Ötən il dövrü və illik inflyasiyanın hədəflənən maksimum həddi ötməsi səbəbindən uçot dərəcəsi 6,25-dən 7,25-ə qədər artırılıb. Uçot dərəcəsinin artırılması 2022-ci ildə də bir müddət davam edəcək və ilin ikinci yarısına qədər faizlərin artırılması ehtimalı güclüdür.Artıq yanvarda Mərkəzi Bank uçot dərəcəsini 0,25 bənd artıraraq 7,5-ə qaldırıb.
Bəs, sərt monetar siyasət özünü hansı formada təzahür etdirəcək?
Sərt monetar siyasət zamanı Mərkəzi Bank ilk növbədə uçot dərəcəsini artırır. Uçot dərəcəsini və digər sərt monetar tədbirləri görməkdə məqsəd pul təklifini məhdudlaşdırmaq və bununla iqtisadiyyatda hərarəti düşürməkdir. Pul, obrazlı şəkildə desək, iqtisadiyyatın qanıdır və o, azaldıqca iqtisadiyyatda aktivlik, fəallıq zəifləyir.
Uçot dərəcəsinin artırılmasının pul təklifinə təsiri dolayı şəkildə baş verir. Bu qərardan sonra əvvəlcə əmanət və kredit faizləri artır. Yəni, həm əmanətlər, həm də kreditlər bahalaşır. Bahalaşma onunla nəticələnir ki, əmanət qoyanlar daha çox qazanır, kredit götürənlər isə daha çox xərcə düşür. Yüksək inflyasiya xərcləri artırdığından insanlar əlavə gəlir mənbələri axtarır. Bu vəziyyətdə əmanət faizlərinin artması onlar üçün cəlbedici olur və daha çox vəsait banklara yerləşdirilir.
Uçot dərəcəsi kommersiya banklarının Mərkəzi Banklardan aldıqları kreditləri də bahalaşdırır. Əhalidən və Mərkəzi Bankdan cəlb edilən vəsaitlər bahalaşdığından kommersiya bankları məcbur olur ki, kredit faizlərini artırsınlar. Kredit faizləri yüksəldikdə götürülən kreditin məbləği azalır və bu, pul dövriyyəsini məhdudlaşdırır.
Mərkəzi Bankın digər tədbiri açıq bazar əməliyyatları şəklində olacaq. Açıq bazar əməliyyatları zamanı Mərkəzi Bank qiymətli kağızlar satışını həyata keçirə bilər. Qiymətli kağızların satışı baş verdikdə isə dövriyyədə olan pul kütləsi azalır.
Beləliklə, Mərkəzi Bankın pul-kredit siyasətini sərtləşdirməsi nəticə etibarilə iqtisadiyyatın pulla təminat səviyyəsini azaldacaq. Böyük ehtimalla 2022-ci ildə ötən illə müqayisədə daha sərt monetar siyasəti müşahidə edəcəyik ki, bu da pulla təminatı bir qədər də zəiflədəcək.
Vasif
Sfera.az