Bakı-Nabran avtobusunda baş verən nasazlıqla bağlı - RƏSMİ AÇIQLAMA + YENİLƏNİB
Bakı-Nabran marşrutu üzrə hərəkət edən avtobusun işində nasazlıq yaranması ilə bağlı bu gün mətbuatda yayılan xəbərə Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən açıqlama verilib.
Oxu.Az-a açıqlamasında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəsmisi Şəfa Mehmanqızı bildirib ki, Bakı-Nabran istiqamətində hərəkət edən mikroavtobus Bakı Beynəlxalq Avtovağzalından çıxarkən saz vəziyyətdə olub.
"Avtobus Bakı Beynəlxalq Avtovağzalından çıxarkən tam texniki tələblərə cavab verib. Lakin yolda avtobusun istilik sobasının radiatorunun şlanqı partlayıb. Yay fəslində soba qoşulmadığı üçün radistorda isti su ola bilməzdi və demək, insanların yanıq xəsarəti alması ilə bağlı yayılan xəbər həqiqətəuyğun deyil, - deyə Ş.Mehmanqızı bildirib.
Onun sözlərinə görə, hadisədən dərhal sonra sərnişinlər təxliyə olunaraq digər avtobusla yollarına davam ediblər.
"Sərnişinlər təxliyə olunaraq başqa bir avtobusla yollarına davam ediblər. Ciddi bir hal baş verməyib, hadisə zamanı xəsarət alan olmayıb. Avtobus təmir üçün nəzarətə götürülüb. Qeyd edək ki, yolda baş verən hər hansı bir hadisəyə görə məsuliyyəti nəqliyyat vasitəsinin aid olduğu şirkət daşıyır”, - deyə Ş.Mehmanqızı bildirib.
12:27
Rəsmi qurumlar Bakı-Nabran marşrutu üzrə hərəkət edən avtobusda baş verən partlayışla bağlı məlumatı təsdiqləmir.
Oxu.Az xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəriLiya Bayramova Modern.az saytına açıqlamasında onların araşdırmaları nəticəsində məlumatın təsdiqlənmədiyini deyib:
"Təcili yardımla, rayonla əlaqə saxladıq, belə bir hadisənin baş verməsini təsdiqləmədilər”.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkoknik Kamran Əliyev dəModern.az-a açıqlamasında belə faktın qeydə alınmadığını bildirib:
"Bizə belə məlumat daxil olmayıb”.
11:29
Bakı-Nabran marşrutu üzrə hərəkət edən avtobusda partlayış baş verib.
Oxu.Az-ın "Report”a istinadən verdiyi məlumata görə, Bakıdan Nabrana gedən "Hyundai” markalı mikroavtobusda radiatorun partlaması nəticəsində 5 sərnişin ayaqlarından yanıq xəsarətləri alıb.
Hadisə yolun Şabran rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Avtobusun radiatorunda partlayış o qədər güclü olub ki, onun içərisindəki qaynar su salona daxil olub və nəticədə sərnişinlər xəsarət alıb.
Avtobus yararsız hala düşdüyü üçün sərnişinlər taksilərlə mənzil başına getməli olublar, xəsarət alanlar isə xəstəxanaya yerləşdiriliblər.