“Əsl peşəkar olsan da, əclafsan...” – Stalin general Jiqaryovu niyə vurmaq istəyib?
Gündəm
11:25 / 11.02.2022
1171
1945-ci il mayın 24-də Kremlin
Georgievsk zalında Böyük Qələbə münasibətilə keçirilən ziyafətdə tədbirə dəvət
alanlara tam sərbəstlik verilib. Həmçinin İosif Stalin də ziyafət zamanı zalda
gəzişərək marşal və generallara yaxınlaşıb, qələbənin təmin olunmasında böyük
xidmətləri olan sərkərdələri təbrik edib.
Ali Baş Komandanın
general-polkovnik Pavel Jiqaryova təbriki isə tam fərqlənib:
- Pavel
Fyodoroviç, sən əsl peşəkarsan, böyük hərbi təcrübən var, müharibədəki xidmətlərin
danılmazdır, qələbənin təmin olunması üçün bütün bilik və bacarığını sərf etmisən,
amma bunlarla yanaşı sən əclafsan...
General Stalinin üzündəki gizlənmiş
təbəssümü hiss edib Ali Baş Komandanın bu ifadələrini cavabsız qoymayıb:
- Yoldaş
Stalin, sizinlə tam razıyam. Amma belə düşünürəm ki, barışmaq üçün qələbə ən
yaxşı bəhanədir.
Jiqaryov kim olub? Stalin niyə onu əclaf
adlandırıb? Ali Baş Komandanla generalın arasında hansı hadisə baş verib?
Sfera.az sovet dövrü ilə bağlı təqdim
etdiyi növbəti yazıda bu mövzudan bəhs edəcək.
Müharibə dövründə Pavel Jiqaryovun
hansı statusda olduğu haqda təsəvvür yaratmaq üçün bir faktı qeyd etmək kifayətdir.
Müharibənin başlamasından yeddi gün sonra 29 iyun 1941-ci ildə Jiqaryov Hərbi
Hava Qüvvələrinin komandanı, eyni zamanda SSRİ xalq müdafiə komissarının
(müdafiə nazirinin) aviasiya üzrə müavini təyin olunub. Həmin tarixdən 1942-ci
ilin 4 may tarixinə qədər, 11 ay ərzində generalla Stalinin 44 dəfə görüşü
keçirilib. Ali Baş Komandan onun işindən razı qalsa da, 44-cü görüş insidentsiz
ötüşməyib.
Müharibə illərində Stalin Dövlət
Müdafiə Komitəsinin sədri kimi cəbhə bölgələrində xidmət edən şəxsi heyətin
silah-sursat, hərbi texnika, ərzaq təminatı məslələrinə gündəlik olaraq şəxsən
nəzarət edib.
1942-ci ilin aprel ayının
sonlarında Stalinə hərbi təyyarələrin çatışmazlığı məruzə ediləndə o, müvafiq qurumlara məsələni
təcili araşdırmağı göstəriş verib. Məlum olub ki, 715 hərbi təyyarə hərbi
zavodlar tərəfindən istismara buraxılıb, amma hansısa məlum olmayan səbəblərdən
Hərbi Hava Qüvvələri tərəfindən döyüş hesabına götürülməyib.
Məsələyə aydınlıq gətirmək üçün
Jiqaryov Stalinin kabinetinə dəvət olunub. Ali Baş Komandan birbaşa mətləbə
keçib:
- Siz mənə cəbhələrdə hərbi
təyyarələrin sayı ilə bağlı dəqiq rəqəmləri açıqlaya bilərsinizmi?
Jiqaryov heç bir kağızdan istifadə
etməyərək ayrı-ayrı cəbhələrdə döyüş hesabında olan hərbi təyyarələrin sayını
söyləyib və onların hansı cəbhədə az olduğunu da diqqətə çatdırıb. Stalin
növbəti sualını verib:
- Niyə
təyyarələr çatışmır? Mən sizin söylədiklərinizdən belə başa düşdüm ki, hərbi
zavodlar lazım olan qədər təyyarə istehsal edə bilmir. Mən sizi düz anladımmı?
- Bəli,
yoldaş Stalin.
Stalin iş masasının üstündəki
telefonu qaldırıb köməkçisinə tapşırıq verib:
- Təcili
olaraq Şaxurini mənim yanıma çağırın.
Qeyd edək ki, Şaxurin həmin dövrdə
SSRİ aviasiya sənayesi komissarı vəzifəsində işləyib. Çox qısa bir aradan sonra Şaxurin
Stalinin kabinetinə gəlib və sorğu-sual bu dəfə komissarla davam edib:
- Yoldaş
Şaxurin, xahiş edirəm, məni hərbi zavodlardakı vəziyyətlə bağlı məlumatlandırasınız.
Problemlər varmı?
- Xeyr,
yoldaş Stalin, hələ ki, heç bir problem yoxdur. Xammal vaxtında alınır, işçi
qüvvəsi üç növbədə işləyir. Diqqətinizə çatdırım ki, Dövlət Müdafiə Komitəsi və
Müdafiə Nazirliyinin bütün sifarişləri vaxtında və artıqlaması ilə icra olunur.
Onu da bildirmək istəyirəm ki, sizin imzanızla bizə təqdim olunan planları 100
faiz deyil, 112 faizlə yerinə yetirmişik.
- Bəs
belə olduğu halda hərbi təyyarələr niyə çatışmır?
Bu sual Şaxurini çaşdırmaqla
yanaşı, həm də təəccübləndirib:
- Yoldaş
Stalin, bu ola bilməz. Sizə düzgün məlumat verilməyib. Hazırda ehtiyat
aerodromlarda 715 ədəd istismara hazır hərbi təyyarə dayanır.
Bu məqamda Jiqaryov söhbətə müdaxilə
edib:
- Həmin
təyyarələr istismara yarasızdır.
Jiqaryovun bu ittihamı Şaxurini
özündən çıxarıb və o, üzünü Stalinə tutub:
- Yoldaş
Stalin, belə bir vəziyyət olarsa, mən partiya biletimi stolun üstünə qoyub ən
ağır cəzaya hazır olaram. Həmin təyyarələrin istismara tam hazır olması
haqqında müvafiq komissiyaların rəyi də var və istənilən dəqiqə mütəxəssisləri
hərbi aerodroma göndərə bilərsiniz. Bunu zavod direktorları da təsdiqləyə bilər.
Stalin elə həmin anda üç ən böyük hərbi
zavodun direktorları ilə telefon əlaqəsi yaradıb. Araşdırmalardan sonra məlum
olub ki, təyyarəlrər istismara tam yararlıdır, amma Hərbi Hava Qüvvələri onları
döyüş hesabına götürmür.
Bu aydınlaşmadan sonra Stalin
Jiqaryovun yarım addımlığında dayanıb və təmkinin saxlaya bilməyib:
- Sən
əclaf və yaramazsan, çıx kabinetdən.
Stalin əlini havaya qaldırıb
generalı vurmaq istəyib, amma bu fikrindən daşınıb. Həmin görüşdə iştirak edən
aviasiya marşalı Qolovanov sonralar bu hadisə haqqında yazıb:
"Mən Stalini heç vaxt belə vəziyyətdə
görməmişdim. O, çox təmkinli bir adam idi. Amma Jiqaryovun ona yalan danışması
Stalini özündən çıxarmışdı. Hətta o dərəcədə çıxarmışdı ki, Stalin ona əl
qaldırmaq fikrinə düşmüşdü...”
Əslində, generalı yalan danımağa
vadar edən tutarlı səbəb olub. Belə ki, Hərbi Hava Qüvvələri həmin təyyarələri
döyüş hesabına təyyarəçilərin olmadığna görə götürə bilməyib. Bu problemi isə
Jiqaryov Stalinə demək istəməyib.
Jiqaryov Stalinə yalan danışdığına
görə onu nə gözlədiyini yaxşı anlayıb. Ən azı sürgünə göndəriləcəyini göz önünə
gətirib. Amma heç də onun düşündüyü kimi olmayıb. Bir neçə gündən sonra general
Uzaq Şərq Hərbi Dairəsində xidmətə göndərilib. Təbii ki, Stalin bu qərarında
Jiqaryovun son dərəcə peşəkarlığını, təcrübəsini, müharibənin ilk günlərindəki xidmətlərini nəzər alıb.
Kremldəki qələbə ziyafətində isə
Ali Baş Komandanla general barışıblar. O, 1949-cu ildə yenidən komandan vəzifəsinə
qaytarılıb, aviasiya marşalı rütbəsini daşıyıb.
Sfera.az