Taksilərlə bağlı yeni normativlərin tətbiqi nəyi dəyişəcək? - Bahalaşma, yoxsa...

13:42 / 09.02.2022
498
Ötən gün "Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" fərman imzalandı. Burada qeyd olunan əsas məsələlərdən biri də 3 ay müddətində taksi xidmətinin təşkili ilə bağlı yeni normativ aktlar qəbul edilməsi oldu.
Maraqlıdır, bu, taksi sahəsindəki problemləri aradan qaldıra biləcəkmi?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı taksi fəaliyyəti ilə bağlı təkmilləşdirməyə hər zaman ehtiyac olduğunu deyib:
"Uzun müddətdir biz bu istiqamətdə danışırdıq, təkliflər verirdik. Düşünürəm ki, bu məsələnin həlli artıq zərurətə çevrilib. Elə ölkələr var ki, taksi fəaliyyətini hələ də tənzimləyə bilmirlər. Azərbaycanda da bu, çox çətindir. Çünki taksi sahəsinə bu gün biz peşə kimi baxsaq da, əksər insanlar onu qazanc mənbəyi, dolanışıq yeri kimi qiymətləndirir. Bunu da hər tərəfdən kəsib atmaq – "sən orda ol, bu orda olmasın” kimi yanaşma da düzgün deyil. O baxımdan fikrimcə, bu işlərdə təmkinli olmaqda fayda var”.
Müsahibimiz qeyd edib ki, yeni fərmanla taksi fəaliyyətinin təkmilləşdirilməsi baş verməlidir:
"Eyni zamanda BNA ictimai nəqliyyatın güclənməsinə, inkişafına dəstək olmalıdır. Bu ikisi paralel şəkildə davam etdirilməlidir. Buna çox ciddi ehtiyac da var – çünki son zamanların ən problemli sahələrindən biri məhz ictimai nəqliyyatla bağlıdır. Onlardan əsası elə taksidir”.
REAL partiyasının icraçı katibi Natiq Cəfərli isə xatırladıb ki, son illər qiymətlər sürətlə artıb, yeganə ucuzlaşma taksi xidmətində qeydə alınıb:
"2016-cı ildən bəri taksi xidməti ucuzlaşıb, səbəbi isə çox sadədir: Taksi xidməti ölkədə nadir rəqabətli mühit olan sahələrdəndir. Rəqabət yarandı, ölkəyə taksi xidməti üçün yanacağı daha az istifadə edən avtomobillər gətirildi, beynəlxalq və yerli taksi xidməti göstərən şirkətlər fəaliyyətə başladı, qiymətlər ona görə də ucuzlaşdı.
"Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" fərmanda 3 ay müddətində taksi xidmətinin təşkili ilə bağlı yeni normativ aktlar qəbul ediləcəyi qeyd olunub. Tərcüməsi isə budur ki, bu sahədə rəqabətə son qoyulacaq, taksi xidmətində də inhisarçılıq meyilləri artacaq. Mən anlayıram, taksi xidmətində tənzimləmə olmalıdır, amma dövlət niyə hər şeyə qarışmalıdır ki?! Ümumi qaydalarını, vergisini müəyyən edirsən, təhlükəsizlik qaydalarını elan edirsən, vəssalam. Camaat özü çalışır, pul qazanır, vergisini ödəyir, işləyir, ailəsini dolandırır”.
Günay Rəsulqızı
Sfera.az