Yüksək qiymətlər qeyri-neft ixracının artmasına kömək edir

İqtisadiyyat
15:10 / 07.02.2022
800
Xarici bazarlarda bahalaşma qeyri-neft sektoruna aid olan məhsullarda da müşahidə edilir. Son bir ildə əlvan və qara metalların, kimya sənayesi məhsullarının, yeyinti məhsullarının qiymətində nəzərəçarpacaq artım var.
Artımların böyük olması Azərbaycan üçün əlverişlidir. Çünki bu halda qeyri-neft mallarının ixracından əldə edilən vəsaitin məbləği də artır.
Sfera.az bildirir ki, Azərbaycanın ixrac etdiyi əsas qeyri-neft mallarının əksəriyyəti bahalaşıb. 2022-ci ilin yanvarındakı qiymətlər ötən ilin eyni dövrünə nisbətən xeyli yüksəkdir.
Bu ilin yanvarına aid olan məlumata əsasən, qeyri-neft mallarının ixracı 232,2 milyon dollar təşkil edib və 2021-ci ilin yanvarına nisbətən 59 faiz, yəni 86,2 milyon dollar artıb. Artımda əsas rolu ixrac miqdarının artması oynayıb. İxrac miqdarının artması ilə bərabər qiymlərin yüksəlməsi də ixracın dəyərini böyüdüb.
Ölkəmizdən ixrac edilən əsas qeyri-neft malları qeyri-yeyinti məhsullarıdır. Bu növ məhsulların satışından daxilolma 172 milyon dollar olub və 72 faiz artıb.
Artım olduqca böyükdür və bu qədər artımda ixrac miqdarının artması ilə yanaşı qiymətlərin əlverişli olması da əhəmiyyətli paya sahibdir.
Qeyri-yeyinti məhsullarında ən böyük paya neft və qazdan alınan kimya sənayesi məhsulları malikdir. Onların qiyməti 55 faizdən çox artıb. Ancaq ixracdan gəlir 9,3 dəfə artıb ki, burada da əsas dəyişiklik satış miqdarının daha çox artması ilə bağlıdır. Əks təqdirdə ixrac 9 dəfədən çox arta bilməzdi.
Son bir ildə pambığın qiymətinin 50 faiz, alüminiumun dəyərinin 52 faiz, digər əlvan metalların dəyərinin 25-30 faiz yüksəlməsi də ixrac dəyərinin artmasına dəstək olub.
Qeyri-neft ixracının digər hissəsi yeyinti məhsullarından ibarətdir. Burada ixrac dəyəri 31 faiz artıb. Bu artımda qida məhsullarının 28 faiz bahalaşması mühüm rol oynayıb.
Proqnozlaşdırılır ki, dünyada əmtəə qiymətləri hələ bir müddət yüksək səviyyədə qalacaq, bəzi məhsullarda isə bahalaşma davam edəcək. Qiymətlərin yüksək səviyyədə qalması hesabına ən azından 2022-ci ilin birinci yarısı ərzində qeyri-neft məhsullarının ixracında yüksək artım tempi davam edəcək.
Vasif
Sfera.az