Adambaşına istehlak xərcləri artıb: Bakıda 1130 manat, regionlarda isə...

16:09 / 03.02.2022
739
Azərbaycan əhalisinin hər nəfəri 2021-ci ildə istehlak məqsədilə ayda orta hesabla 440,5 manat pul xərcləyib. Xərclənən pulun məbləği əvvəlki ilə nisbətən 40,1 manat artıb.
Sfera.az bildirir ki, respublika üzrə istehlak xərclərinə dair göstərici Bakı və digər regionlar üzrə kəskin fərqlənib. Bakıda adambaşına düşən istehlak xərci 1130 manat olduğu halda regionlarda 235 manat olub.
Ölkə üzrə əhali istehlak məqsədilə 53 milyard manat ayırıb. Bunun 31,09 milyard manatı Bakıda, 21,91 milyard manatı kənar regionlarda xərclənib.
Əhalinin istehlak xərclərinin daha çox hissəsi ərzaq xərclərindən ibarətdir. Ölkə üzrə əhali hər ay adambaşına ərzaq məhsullarının alınmasına 200 manat ayırıb.
Bakıda adambaşına ərzaq xərcləri təxminən 485 manat, regionlarda 90 manat təşkil edib.
Qeyri-ərzaq məhsullarına çəkilən xərc də istehlak xərclərində önəmli paya sahib olub. Ötən il qeyri-ərzaq məhsullarının alınmasına ölkə üzrə adambaşına 168 manat (Bakıda 445 manat, regionlarda 85 manat) xərclənib.
İstehlak xərclərinin digər bir hissəsi olan pullu xidmətlərin əldə edilməsinə isə 72,5 manat (Bakıda 197 manat, regionlarda 36 manat) vəsait ayrılıb.
Məlumatlardan göründüyü kimi, Azərbaycanda əhalinin xərclərinin böyük hissəsi Bakıda formalaşır. Buna görə də Bakıda adambaşına düşən xərclər regionlardan xeyli yüksəkdir.
Lakin bu məlumatlar Bakı ilə regionlar arasında fərqin düzgün təsəvvür edilməsinə imkan yaratmır. Rəsmi məlumatlardan belə nəticə hasil olur ki, ötən il Bakıda 4 nəfərlik bir ailənin aylıq istehlak xərci orta hesabla 4520 manat, digər regionlarda 940 manat olub. Regionlarda 4 nəfərlik ailənin 940 manat xərcləməsini müəyyən qədər inandırıcı hesab etmək olar, amma paytaxtda hər ay 4500 manatdan çox vəsaitin xərclənməsi real deyil.
Bakı ilə bağlı məlumatların həqiqəti əks etdirməməsinin səbəbi paytaxtda faktiki yaşayan əhali ilə rəsmi qeydiyyatda olan əhali sayının kəskin fərqlənməsidir. Rəsmi məlumatlarda adambaşına çəkilən xərclər faktiki və müvəqqəti yaşayan insanların hamısının xərcinin rəsmi qeydiyyatda olanların sayına bölünməsi yolu ilə müəyyənləşdirilir. Buna görə də Bakı ilə bağlı məlumatlar reallığı əks etdirmir.
Vasif
Sfera.az