ABŞ-ın dövlət borcu ilk dəfə 30 trilyon dolları ötüb

İqtisadiyyat
11:22 / 02.02.2022
398
ABŞ-ın dövlət borcu ilk dəfə olaraq 30 trilyon dolları keçib.
Sfera.az "Bloomberg” saytına istinadən xəbər verir ki, çərşənbə axşamı Maliyyə Nazirliyinin açıqladığı məlumata görə, ümumi dövlət borcu 31 yanvar tarixinə 30,01 trilyon dollar təşkil edib. Bu məbləğ 2020-ci ilin yanvar ayının sonlarından, pandemiya ABŞ iqtisadiyyatını vurmazdan əvvəlki dövrlə müqayisədə təxminən 7 trilyon dollar çoxdur.
ABŞ dövlətinin borcu xarici və daxili borclardan ibarətdir. Dövlət borcunun sürətlə artması pandemiyadan öncə də müşahidə edilirdi. Bunun başlıca səbəbi isə ABŞ-ın federal büdcəsində iri kəsirin yaranmasıdır.
Konqresin Büdcə Ofisinin məlumatına görə, 2021-ci ilin sentyabrında başa çatan maliyyə ilində federal büdcə kəsiri ABŞ-ın ümumi daxili məhsulunun 12,4%-nə bərabər olmaqla 2,8 trilyon dollar təşkil edib. 2019-cu ilin sentyabrında başa çatan maliyyə ilində, yəni pandemiyadan əvvəl ABŞ-da kəsir ÜDM-in 4,7%-nə bərabər idi.
Vasif
Sfera.az