Ölkəyə malların rüsumsuz gətirilməsi limiti yenidən azaldıla bilər

15:28 / 01.02.2022
629
2021-ci ildə Azərbaycana fiziki şəxslər tərəfindən idxal edilən malların dəyəri 382 milyon dollar artaraq 1,4 milyard dollara çatıb. Bu, illik müqayisədə 37 faiz, beşillik müqayisədə 186 faiz artım deməkdir.
Sfera.az bildirir ki, fiziki şəxslərin idxal etdiyi malların önəmli hissəsi fərdi şəxslər tərəfindən gətirilir və idxalın artmasında da fərdi şəxslərin onlayn formada verdikləri sifarişlərin sayının artmasının böyük payı var.
Fiziki şəxslər ay ərzində idxal etdikləri malların 300 dollar dəyərində olan hissəsinə görə vergi və rüsum ödəmirlər. 2020-ci ilə qədər güzəşt limiti 1000 dollar təşkil edirdi və iki il əvvəl limitin azaldılmasına səbəb idxalın artması idi.
Fiziki şəxslərin vasitəsilə idxalın həcminin sürətlə artması yenidən limitə baxılmasına səbəb ola bilər.
Güzəştli şərtlərlə idxal həyata keçirən şəxslər "e-customs.gov.az” portalı və "Smart Customs” mobil tətbiqi üzərindən gömrük orqanlarına elektron ticarət bəyannaməsi təqdim edirlər. Gömrük Komitəsinin məlumatına əsasən (report.az) 2021-ci ildə gömrük orqanlarına elektron ticarət bəyannaməsi təqdim edən istifadəçilərin 58 faizi 100 dollar həddini keçməyib.
Dəyəri 100-200 dollar arasında olan bəyannamə təqdim edən istifadəçilər 25 faiz, dəyəri 200-300 dollar arasında dəyişən bəyannamə təqdim edən istifadəçilər isə 16 faizdir.
İstifadəçilərin 1 faizi dəyəri 300 ABŞ dollarından yuxarı elektron ticarət bəyannaməsi təqdim edib.
Gömrük Komitəsinin bu məlumatından görünür ki, ay ərzində verilən sifarişlər əsasən dəyəri az olan sifarişlərdir. Komitə bunu və idxalın artmasını əsas gətirərək güzəşt limitinin azaldılmasını təklif edə bilər.
Vasif
Sfera.az