Yanvarda pul bazası kəskin azaldılıb

İqtisadiyyat
14:40 / 01.02.2022
403
Bu ilin yanvar ayı ərzində Azərbaycanın manatla olan pul bazasının həcmi kəskin şəkildə azaldılıb.
Sfera.az Mərkəzi Banka istinadən xəbər verir ki, ötən ilin sonunda 17,938 milyard manata yüksələn pul bazasının həcmi bu ilin yanvarın sonunda 14,044 milyard manata qədər azaldılıb. Ay ərzində pul bazasının həcmində 3,894 milyard manat, yəni 21,7 faiz azalma baş verib.
Xatırladaq ki, manatla olan pul bazasının həcmi 2021-ci ilin dekabrında 3,658 milyard manat (25,6 faiz) artmışdı. Yanvardakı azalmadan sonra bazanın həcmi son 6 ayın ən aşağı səviyyəsinə düşüb.
Manatla olan pul bazasının həcminin azalması son günlərdə keçirilən valyuta hərracında dollara olan tələbin zəifləməsinə də səbəb olub. Yanvarın 25-də keçirilən hərracda tələb 102,5 milyon dollar təşkil etdiyi halda, tələb yanvarın 27-dəki hərracda 84,2 milyon dollara, fevralın 1-də olan hərracda 50,8 milyon dollara düşüb.
Pul bazasında azalma böyük ehtimalla daha çox müxbir hesablardakı azalma hesabına baş verib. Çünki dekabrda məhz müxbir hesablarda olan vəsait 2 dəfədən çox artaraq 7,44 milyard manata yüksəlib.
Vasif
Sfera.az