Ət idxalına 70,5 milyon dollar xərclənib - STATİSTİKA

İqtisadiyyat
12:29 / 01.02.2022
559
Azərbaycanın qida məhsullarının idxalına xərclədiyi vəsait kəskin şəkildə artıb.
2019 və 2020-ci illərdə qida məhsullarının idxalına 1,64 milyard dollar xərcləyən ölkəmiz ötən il eyni məhsulların alışına 1,93 milyard dollar vəsait ayırıb.
Sfera.az xəbər verir ki, ötən il qida məhsullarının idxalına çəkilən xərc 2020-ci illə müqayisədə 17,6 faiz və ya 289 milyon dollar artıb.
Önəmli məqam ondan ibarətdir ki, qida məhsullarının alışına sərf edilən pulun məbləğindəki artım ümumi idxala xərclənən vəsaitdəki artımdan 2 dəfə böyük olub. Belə ki, qida məhsullarının idxalında artım 18 faiz olduğu halda ümumi idxaldakı artım bundan 2 dəfə az, yəni 9 faiz təşkil edib. Yeyinti məhsullarına xərclənən vəsaitin kəskin artması sayəsində ümumi idxalda bu məhsul qrupunun payı 15,3 faizdən 16,5 faizə yüksəlib.
İdxalda yeyinti məhsullarının payının artması davamlı hal alıb. 2010-cu ildə idxalda yeyinti məhsullarının payı 10 faiz, 2014-cü ildə 11,6 faiz, 2019-cu ildə 12 faiz, 2020-ci ildə 15 faiz olmuşdu.
Azərbaycana yeyinti məhsullarının idxalının artması əsasən meyvə və tərəvəz idxalının artması ilə əlaqədardır. Məsələn, 2010-cu ildə ölkəmiz cəmi 65 milyon dollar dəyərində meyvə-tərəvəz idxal etmişdi. Meyvə-tərəvəz idxalının həcmi 2016-cı ildə 115 milyon dollara, 2020-ci ildə 204 milyon dollara, ötən il 223,4 milyon dollara yüksəlib.
Yağ idxalının artması da yeyinti məhsullarının həcminə ciddi təsir göstərib. Müqayisə olunan müddətdə yağların idxalına çəkilən xərc 2 dəfəyə yaxın artıb. 2010-cu ildə 122 milyon dollar xərclənən yağ məhsullarının alışına ötən il 222 milyon dollar xərclənib.
Yeyinti idxalına təsir edən digər məhsul ətdir. Ətin idxalına 2010-cu ildə 18 milyon dollar xərcləndiyi halda ötən il 70,5 milyon dollar xərclənib.
Ötən il idxal mallarına çəkilən xərcin artmasına qlobal ərzaq qiymətlərinin yüksəlməsi də ciddi təsir göstərib. Keçən il ərzində ərzaq qiymətlərinin 30 faizə qədər artdığı müşahidə olunub.
Ümumilikdə, əhalinin sayının artması, qida sənayesində idxal mallarına tələbin güclənməsi və bahalaşma gələcəkdə də yeyinti məhsullarının idxalını artıracaq.
Vasif
Sfera.az