Avropa Rusiya ilə “qaz müharibəsi”nə hazırlaşır – Bakının qazancı nə olacaq?

Avropa Rusiya ilə “qaz müharibəsi”nə hazırlaşır – Bakının qazancı nə olacaq?
"Avropa İttifaqı Rusiya ilə problemlər fonunda Azərbaycandan qaz tədarükünü artırmaq istəyini təsdiqləyib. Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Josep Borrell deyir ki, diplomatiyanın uğursuz olacağı, Rusiyanın tədarükünü kəsmək və ya dayandırmaq qərarına gələcəyi təqdirdə ABŞ, Qətər və Azərbaycandan qaz tədarükünü artırmaq məsələsini nəzərdən keçirirlər”.

Sfera.az bildirir ki, bunu siyasi şərhçi Asif Nərimanlı deyib.

Onun sözlərinə görə, Moskva Avropaya qarşı qaz rıçağından istifadə etsə də, tədarükü dayandırması ehtimalı azdır:
 
"Rusiya qaz rıçağından Avropanı itirmək üçün yox, "ələ keçirmək” üçün istifadə edir. Hesab edirəm, Brüssel bunu anlayır. Buna görə də ehtiyacı olan qazı ABŞ və Qətərdən almaq istəyir. O ki qaldı Azərbaycandan almaq istədiyi qaza, rəsmi Bakının Avropanın ehtiyacı olan qazı tam qarşılayacağı sual altındadır. Bunun fonunda almanların mövqeyi Aİ-nin mövqeyi ilə üst-üstə düşmür. Hərçənd tədarükün şaxələndirilməsi məsələsini gündəmə gətirməklə Rusiyaya alternativlərinin olduğunu nümayiş etdirmək gedişi edir.

Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simsonun bu həftə Vaşinqton və Bakıda qaz tədarükünün artırılması ilə bağlı müzakirələr aparacağı gözlənilir. Mümkündür ki, bu gedişlə ruslardan istədiklərini ala biləcəklər, çünki Moskva iqtisadi və siyasi olaraq istifadə etdiyi qaz rıçağına risklərin yaranmasından yana deyil”.
 
Ekspertin sözlərinə görə, burada bizim üçün vacib olan məqam rəsmi Bakının qazana biləcəkləridir:

"Birincisi, Azərbaycan qazı Avropa bazarında həcm baxımdan rus qazına tam alernativ olmasa da, mövcud situasiya Bakıya qaz ixracını artırmağa imkan verir. İkincisi, Avropada Bakının siyasi əhəmiyyəti artır; bu, Moskva üçün də keçərlidir. Baş verənlər "qaz müharibəsi”nin yenidən aktuallaşması və növbəti qışa qədər daha da kəskinləşməsi riskini gündəmə gətirir: Avropanın bu qış rus qazının təsirini azaltması imkanı zəifdir və diplomatik gedişlərlə cari dövrdə ruslardan istədiyini almaq istəyir. Neft ixracından fərqli olaraq, qaz ixracı ilə bağlı müqavilələrin adətən növbəti il üçün nəzərdə tutulması da əsas kəskinləşmənin qarşıdakı dövrdə olacağı gözləntisini yaradır.

Bu gedişlər, xüsusilə Transxəzər layihəsi "qaz müharibəsi”ni kəskinləşdirəcək. Bakı və Ankara Türkmənistanla Transxəzər məsələsini müzakirə edir, lakin, rus faktoru Avropa bazarındakı qarşıdurmanı Xəzər bölgəsinə də daşıya bilər. Mümkündür ki, Vaşinqton Bakı və Ankara üzərindən Xəzərə və Mərkəzi Asiyaya çıxmaq istiqamətində fəaliyyətini aktivləşdirəcək və bu bölgədə yeni risklər yarada bilər. Lakin "Nabucco” ilə başlanan "qaz müharibəsi”ndən bütün tərəflərin mövqelərini nəzərə alaraq, Cənub Qaz Dəhlizi ilə qazanclı çıxan Azərbaycanın Rusiya ilə qarşıdurmaya gedəcəyi ehtimalı azdır. Bakı Ankara ilə birlikdə yaranmış şərtlərdən Qərb və Rusiya qarşısında maraqlarının təmin edilməsi üçün istifadə edə bilər. Moskva da bu bölgədə Azərbaycan və Türkiyə ilə işləməkdə maraqlıdır".

Ekspert hesab edir ki, əsas çətinlik Mərkəzi Asiyada yaşana bilər: Rusiyanın bölgənin enerji resurslarının Avropa bazarına çıxması perspektivinin az olmasına baxmayaraq, bu coğrafiyada nəzarəti gücləndirmək istiqamətində işləyəcəyi, qazax ssenarisinin bu və ya digər formada bölgənin digər ölkələrində də tətbiq edəcəyi istisna deyil".

Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR