Fiziki şəxslərin idxalı 1,4 milyard dollara yüksəlib – CƏDVƏL

İqtisadiyyat
14:46 / 31.01.2022
531
Ötən il fiziki şəxslər tərəfindən idxal edilən malların dəyəri 37 faizdən çox artaraq 1,4 milyard dollara çatıb. Böyük artım nəticəsində idxalda fiziki şəxslərin payı 12 faizə yüksəlib.
Sfera.az xəbər verir ki, fiziki şəxslərin həyata keçirdiyi idxal əməliyyatlarında fərdi şəxslərin iştirakçılığı da xeyli genişlənib. Bunun nəticəsində xarici ticarət əməliyyatlarında iştirak edən fiziki şəxslərin sayı 57 mini ötüb. Müqayisə üçün bildirək ki, 5 il əvvəl bu göstərici 8-9 min idi.
Fiziki şəxslər ötən il Azərbaycana 1,393 milyard dollar dəyərində mal gətirib. Gətirilən malların dəyəri bir il əvvəlki dövrlə müqayisədə 382 milyon dollar çoxdur.
Fiziki şəxslərin ümumi idxaldakı payı isə 11,9 faizə yüksəlib. 2020-ci ildə fiziki şəxslərin idxalda payı 9,4 faiz idi. Ötən il fiziki şəxslər idxalın həm miqdarına, həm də payının böyüklüyünə görə rekorda nail olublar.
Fiziki şəxslər tərəfindən idxalın miqdarının artması bir neçə səbəblə bağlı olub.
Uzunmüddətli təsirə malik olan əsas səbəb elektron ticarət vərdişlərinin genişlənməsi, onlayın ticarətdən istifadə edənlərin sayının artmasıdır.
Əvvəllər onlayn formada yalnız elektron malların idxalı həyata keçirilirdi. Amma son illərdə fiziki şəxslər xüsusən də avtomobil idxalını artırıblar. Avtomobil almaq üçün Gürcüstana gedənlərin sayı azalıb və insanlar ABŞ, Cənubi Koreya, Almaniya, digər ölkələrdə keçirilən onlayn hərraclara qatılaraq idxalı həyata keçirirlər.
Fiziki şəxslər tərəfindən idxalın artmasına təsir dən digər səbəb Türkiyənin milli valyutasının ucuzlaşmasıdır. Lirənin dəyər itirməsi geyim əşyalarının idxalında fiziki şəxslərin fəallığını artırıb.
Onlayn əməliyyatların həcminin artması hesabına qarşıdakı illərdə də fiziki şəxslər tərəfindən idxalın dəyərinin artacağını proqnozlaşdırmaq olar.
Qeyd edək ki, 2012-2021-ci illər ərzində fiziki şəxslərin idxalı 3,1 dəfə, ümumi idxaldakı pay isə 2,55 dəfə artıb.
Son 10 ildə fiziki şəxslərin idxalındakı dəyişikliyə dair məlumatlar aşağıdakı cədvəldə əksini tapıb.

Vasif
Sfera.az