Kremlə bir zərbə də Liviyadan gəldi: "Haftarla İŞİD arasındakı toqquşma..." – ŞƏRH

Siyasət
17:07 / 28.01.2022
937
"İŞİD-in son zamanlar Liviyada aktivləşməsi və məhz Xəlifə Haftarın nəzarətindəki ərazilərə hücum etməsi faktiki olaraq onu dəstəkləyən qüvvələrə ciddi mesajdır. Haftarı hazırda dəstəkləyən əsas qüvvə isə Rusiyadır”.
Bu sözləri sfera.az-a politoloq Turab Rzayev Liviyanın cənubundakı Katrun şəhərində ölkənin şərqindəki qeyri-qanuni silahlı qüvvələrin lideri Xəlifə Haftara bağlı qruplaşmalarla İŞİD yaraqlıları arasında baş tutan toqquşmanı şərh edərkən deyib.
Onun sözlərinə görə, bu gün Xəlifə Haftarı dəstəkləyən əsas qüvvələr Misir, Fransa və Rusiyadır:
"Fransa hazırda Haftara siyasi olaraq dəstək versə də, Misir və Rusiya hərbi dəstək verir. Bununla belə İŞİD-in Haftara məxsus ərazilərə hücumunu rəsmi Moskvaya edilən xəbərdarlıq kimi xarakterizə etmək olar.
Ümumiyyətlə, Liviyada bu cür qarşıdurmaların olması gözlənilən idi. Çünki Haftarın nəzarət etdiyi ərazilərdə son zamanlar İŞİD və digər terrorçu qruplaşmalara məxsus silahlı birləşmələrin sayında kəskin artım müşahidə olunurdu. İndiki halda mövcud hakimiyyətlə mübarizə apara bilməyən bu qüvvələr Haftarın əlindəki ərazilərə göz tikib. Rusiyanın Ukraynada başının qarışmasından da istifadə edən böyük güclər onun Liviyadakı varlığını zəiflətməyə çalışır”.
Turan Rzayev
Sfera.az