Türk dövlətləri üçün Çin ABŞ və Rusiyadan daha təhlükəlidir – Şərh

Türk dövlətləri üçün Çin ABŞ və Rusiyadan daha təhlükəlidir – Şərh
Bir neçə gün öncə Çin Xalq Respublikası (ÇXR) ilə  Mərkəzi Asiyanın türk dövlətləri - Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə yüksək səviyyədə onlayn konfrans keçirilib.
 
Görüşdə ÇXR-nin sədri Sİ Szinpin bu ölkələr arasında əməkdaşlığın dərinləşdirilməsi istiqamətində görülən işlərdən danışıb, yaxın 3 il ərzində beş Mərkəzi Asiya Respublikasında iqtisadi və humanitar layihələrin həyata keçirilməsinə 500 milyon dollar təmənnasız yardım təklif edib. O deyib ki, bu proqram təhsil, elmi-tədqiqat, səhiyyə sahəsində kadrların hazırlanması, kasıblığın aradan qaldırılması, kənd təsərrüfatı, informasiya texnologiyalarının inkişafı və digər sahələri əhatə edəcək.

Maraqlıdır, Çin həqiqətən də 500 milyon dolları təmənnasız Mərkəzi Asiya ölkələrinə verib, yoxsa bu rəsmi Pekinin həmin ölkələri özündən asılı vəziyyətə salmaq üçün yeni oyunudur?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Samir Hümbətov deyib ki, Çinin Mərkəzi Asiya ölkələri üçün ayırdığı 500 milyon dollar bu ölkələr üçün elə də böyük məbləğ deyil:

"Rəsmi Pekin bu yolla təkcə qeyd olunan ölkələrə yardım etmir, həm də Kremlə açıq mesaj verir. Çin regionda digər ölkələrin marağını yaxşı bilir və bu yolla özünün də varlığını hiss etdirməyə çalışır. Diqqət edirsinizsə, ÇXR-nin sədri Sİ Szinpin bu ölkələrə 500 milyon dollar təmənnasız yardım təklif edib və o bu pulu təhsil, elmi-tədqiqat, səhiyyə sahəsində kadrların hazırlanması, yoxsulluğun aradan qaldırılması, kənd təsərrüfatı, informasiya texnologiyalarının inkişafı və digər sahələrin dirçəldilməsi üçün edir. Rəsmi Pekin onsuz da bir müddətdir Mərkəzi Asiyanın türk ölkələrindən gəncləri Çinə dəvət edib burada təhsil almasını istəyir. Çində təhsil alan gənclər də öz növbəsində ölkələrinə qayıdıb yenə Çinin dəstəyi ilə müəyyən vəzifələrdə və ya özəl sektorda işlə təmin edilir. Çin bu yolla faktiki olaraq gələcəkdə Mərkəzi Asiya ölkələrinə təzyiq imkanı əldə edəcək və tədricən öz təsir dairəsinə salacaq”.
 
Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR