Xarici birgə müəssisələr sahibkarlara hansı imkanlar yaradır? - TƏHLİL

Xarici birgə müəssisələr sahibkarlara hansı imkanlar yaradır? - TƏHLİL
Azərbaycanda istehsal edilən məhsulun yarıdan çoxu xarici və birgə sahibkarlıq sahələrinin (müəssisələrdə) payına düşür. Son məlumatlara əsasən, istehsal edilən məhsulun həcmi 37,1 milyard manat olub. Azərbaycanda 70 milyard manatlıq məhsul istehsal edildiyini nəzərə alsaq,  məlum olur ki, məhsulun 53 faizi xarici və birgə müəssisələr tərəfindən istehsal edilib.
 
Xarici və birgə müəssisələr tərəfindən istehsal edilən məhsulun həcmi ötən illərdə artmaqla bərabər onun Azərbaycanda ümumi məhsul istehsalında payı da yüksəlib. 2005-ci ildə bu məhsulların  ümumi məhsul istehsalında payı 40 faiz idisə, 2008-ci ildə 54,45 faizə yüksəlib. Hazırda isə bu nisbət azalsa da, xarici və birgə müəssisələrin məhsul istehsalında üstünlüyü qalır.

Azərbaycanda xarici və birgə müəssisələrin iqtisadiyyatımızda payının artmasının əsas səbəblərindən biri ölkəmizdə əcnəbi sahibkarlıq subyektlərinə xüsusi imkanların yaradılmasıdır. Ölkəmiz yenidən müstəqil olduqdan sonra dövlət xarici investisiyanın, müasir biznes təcrübəsinin cəlb edilməsinin mühüm vasitələrindən biri kimi birgə müəssisələr və xarici firmaların yaradılması məsələsinə üstünlük verdi. Xüsusilə, neft-qaz sektorunda bu cür müəssisələrin sayının artması onların iqtisadiyyatımızda mövqeyini gücləndirdi.

Azərbaycanda fəaliyyət göstərən xarici və birgə müəssisələrin sayı 1995-ci ildə 293 olub, 2020-ci ildə 1899-a çatıb. Onlarda işləyənlərin sayı isə müvafiq surətdə 7 027 nəfərdən 83 918 nəfərə yüksəlib. 

Müqayisəli təhlil göstərir ki, iqtisadiyyatda məşğul olan əhalinin 15 faizi xarici və müştərək müəssisələrdə çalışır. 

Müştərək müəssisələr və xarici firmalar Azərbaycan iqtisadiyyatına xarici investisiyaların cəlb edilməsində də əhəmiyyətli rol oynayırlar. Belə ki, 2021-ci ildə müştərək müəssisələr və xarici firmalar tərəfindən ölkə iqtisadiyyatına 4,33 milyard dollar həcmində investisiya qoyulub ki, bu ölkə iqtisadiyyatına yönəldilən xarici investisiyaların 25 faizini təşkil edib.

Göründüyü kimi, Azərbaycan iqtisadiyyatında xarici və birgə sahibkarlıq subyektlərinin rolu olduqca yüksəkdir. Amma ekspertlərə görə, onların potensialından daha çox istifadə imkanları var. Neft-qaz sektorunda bu cür müəssisələrin hansı faydaları gətirdiyi məlumdur. Eyni nəticələri qeyri-neft sektorunda da əldə etmək olar. Ekspertlərə görə, bunun üçün ölkəmizdə fəaliyyət göstərən xarici və birgə müəssisələrin sayı və sərmayə imkanları artırılmalıdır. Xarici və birgə müəssisələrin əksəriyyəti kiçikdir. Onlarda çalışan işçi sayı orta hesabla 71 nəfərdir. Mütəxəssislər hesab edir ki, xarici və birgə müəssisələr əsasən kiçik olduğundan qeyri-neft sektorunun inkişafında onların rolu kifayət qədər yüksək deyil. Halbuki ölkənin zəngin təbii sərvətlərindən, əlverişli təbii-iqlim şəraitindən və böyük intellektual mülkiyyətindən daha səmərəli istifadə etmək üçün birgə müəssisələrin iri miqyasda inkişaf etdirilməsi olduqca vacibdir.
Bu məqsədlə Azərbaycan dövlətinin iqtisadi siyasətinin tərkib hissəsi kimi birgə sahibkarlığın inkişaf strategiyası işlənib hazırlanmalı və orada önəmli bəzi məsələlər nəzərə alınmalıdır. 

İqtisadçılara görə, müştərək  müəssisələr  xarici  sərmayənin  ölkə  iqtisadiyyatına  axınının gücləndirilməsi və onun fəallığının artırılması, idxal-ixrac əməliyyatlarının səmərəliliyinin yüksədilməsi, daxili istehlak bazarının  sivil qaydalarla qorunması, iqtisadi təhlükəsizliyin təmin edilməsi üçün əlverişli zəmin yaratmalıdır. Sənaye müəssisələrinin özəlləşdirilməsi üçün keçiriləcək investisiya müsabiqəsində dövlət müştərək müəssisələrin iştirakına üstünlük verməlidir.
Bu gün Azərbaycan sənayesi və sahibkarları istehsal sahələrinin yeni texnologiyalarla təmin edilməsi, köhnələn texnikanın yeni, daha məhsuldar texnika ilə əvəz edilməsi zərurəti ilə qarşılaşır. Çünki son vaxtlar elmi-texniki tərəqqinin nailiyyətləri əsasında firmalararası əlaqələrin və sazişlərin keyfiyyətcə yeni formaları təzahür edir, müəssisənin rəqabət qabiliyyətinin yüksəldilməsində mütərəqqi texnologiyaların rolu artır, iqtisadi artımın xarakteri dəyişir, "ictimai tərəqqi" anlayışı və onun meyarları barədə yeni baxışlar meydana çıxır, bazarların qloballaşması prosesi baş verir. Birgə müəssisələrin yaradılması bu kimi məsələlərin həllində əlverişlidir.

Beləliklə, əgər Azərbaycanda fəaliyyət göstərən xarici və birgə sahibkarlıq subyektləri inkişaf etdirilərsə, onun sayəsində milli iqtisadiyyatın formalaşması və davamlı inkişafına, əhalinin məşğulluq probleminin həllinə, daxili istehlak bazarının yerli istehsal hesabına təminatının artmasına, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiya prosesinin sürətlənməsinə əhəmiyyətli dərəcədə kömək edəcək. Unutmayaq ki, bu gün inkişaf etmiş bir çox ölkə məhz bu yolu keçib. Həmin ölkələrin təcrübəsi sübut edib ki, birgə sahibkarlıq xarici kapitalın ölkə iqtisadiyyatına cəlb edilməsində, əmək ehtiyatlarının keyfiyyətinin artırılmasında, firmalararası kooperasiya əlaqələrinin qurulmasında, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində və rifah halının yaxşılaşdırılmasında müstəsna rol oynayır. Birgə sahibkarlığın inkişafı iqtisadi artıma, ümumi daxili məhsulun strukturuna və keyfiyyətinə müsbət təsir göstərir, həmçinin yerli xammal resurslarından daha səmərəli istifadə olunmasına, daxili bazarın keyfiyyətli əmtəə və xidmətlər ilə zənginləşdirilməsinə, ixrac potensialının artırılmasına səbəb olur.

Vasif CƏFƏROV
Sfera.az 

MÖVZU: Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi 

QEYD: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
 

 

 







 


OXŞAR XƏBƏRLƏR