Tikinti materialları BAHALAŞIB - QİYMƏTLƏR

13:43 / 26.01.2022
770
Ötən il mal və xidmətlərdə müşahidə edilən bahalaşma tikinti və mənzillərin təmiri xərclərində də baş verib. Bu sektorda qiymət artımları orta hesabla 10 faizi ötüb.
Sfera.az bildirir ki, daha yüksək bahalaşma ağac məmulatlarında, dəmirdən və əlvan metallardan hazırlanan tikinti materiallarında, polietilen məhsullarda, elektrik avadanlıqlarında, boya və laklarda qeydə alınıb. Ümumilikdə isə ötən il bütün əsas tikinti materiallarının qiymətində nəzərəçarpacaq artım qeydə alınıb.
Ən çox bahalaşan tikinti materialı kəsilmiş taxtadır. Kəsilmiş taxtanın bir kub metrinin qiyməti 320 manatdan 450 manata qədər artıb. İl ərzində kəsilmiş taxtada 41 faiz bahalaşma qeydə alınıb.
Ağacdan hazırlanan lövhənin (dikt) də qiyməti xeyli dərəcədə yüksəlib. Ötən il diktlərin orta qiyməti hər kvadrat metrdə 2,6 manat artaraq 12,8 manata yüksəlib. Taxta diktlərin qiymətində orta hesabla 26 faiz artım var.
Dəyəri ən çox yüksələn tikinti materialları arasında alçipan da var. Bu məhsulun kvadratı 2 manata yaxın bahalaşaraq 5,2 manata çatıb. Alçipan qiymətlərində 36 faizə çatan artım müşahidə olunub.
Polietilen məhsulların qiyməti təxminən 18-20 faiz artıb. İlin sonunda ilin əvvəli ilə müqayisədə su boruları 18 faiz, kanalizasiya boruları 20 faiz bahalaşıb.
Plastikdan hazırlanan lambrinlər də çox dəyər qazanıb. Bu tikinti məhsullarının dəyəri 15 faiz artıb. Hazırda lambrinin kvadratının qiyməti 6,2 manatdan yüksəkdir.
Armatur, metal dam örtükləri, metal kirəmitlərin qiyməti 25 faizə qədər artıb.
Boya və laklar orta hesabla 13-15 faiz bahalaşıb.
Tikinti materiallarının bahalaşması ilə bərabər təmir xidmətlərinin də dəyərində artım var. Bütün tikinti və təmir xidmətlərinin dəyəri 10-15 faiz səviyyədində artıb.
Vasif
Sfera.az