Şagirdlərin məktəblərdə nizam-intizamı pozmalarının qarşısı necə alına bilər? - Psixoloqdan və ekspertdən TƏKLİFLƏR

11:56 / 28.01.2022
1754
Son günlər orta təhsil müəssisələrində şagirdlərin davranış qaydaları müzakirə obyektinə çevrilib. Demək olar hər gün, sosial mediada sinifdə özünü idarə edə bilməyən uşaqların görüntüləri paylaşılır, tənqid edilir, müxtəlif həll yolları irəli sürülür.
Şagirdlərin davranış qaydalarını necə tənzimləmək lazımdır? Bu məsələdə əsas məsul şəxs kimdir?
Bununla bağlı Sfera.az-a açıqlama verən psixoloq Fərqanə Mehmanqızı deyib ki, bu gün valideynlər uşaqları üçün düzgün tərbiyə metodu seçmirlər və nəticə etibarilə belə hallar yaranır:

"Uşaqlar nizam-intizama nə ailədə, nə də məktəblərdə əməl edirlər. Həmin şəxslər sabah da işdə, ümumiyyətlə sosial-ictimai mühitdə davranış qaydalarına qarşı çıxacaqlar. Qanunvericilikdə belə bir şey var: məktəblərdə belə hallar baş verdiyi zaman müəllimlər həmin uşaqların adlarını siyahılaşdırıb direktora təqdim etməli, o da öz növbəsində icra hakimiyyətinə verməlidir. İcra hakimiyyətində isə çətin tərbiyə olunan uşaqlarla iş şöbəsi bu işlə məşğul olmalıdır. Ailələrə gedilməli, uşaqların, ailələrinin psixoloji durumları, sosial vəziyyətləri araşdırmalıdır. Bu tip uşaqlarda natamamlıq kompleksi olur və hara getsələr də, bu, özünü göstərir”.
Digər müsahibimiz, təhsil eksperti Kamran Əsədov qeyd edib ki, hər bir məktəbdə çətin tərbiyə olunan şagirdlər var və bu tip hallar mütəmadi olduğundan, həmin şagirdlər xüsusi məktəblərdə təhsil almalıdırlar. Ekspert bildirib ki, nizam-intizam qaydalarını kobud şəkildə pozan şagirdlərin oxumağa meyilli, əlaçı kateqoriyasından olan şagirdlərlə bir arada olması yolverilməzdir:

"Sirr deyil ki, məktəblərin əksəriyyətində uşaqlar dərsdən yayınıb repetitor yanına gedirlər. Məsələn, repetitor yanına getməyən digər uşaqlar məktəbdə, lap dərs vaxtında istədikləri hərəkəti edəcəklər. Kim onlara irad tuta bilər ki, dünən niyə dərsə gəlməmişdin, niyə dərsə gecikdin, niyə 3-cü dərsdən qaçdın və s. Məktəbdə nizam-intizamı pozan şagirdlərlə iş aparmaq və onlarda özünü göstərən qüsurları aradan qaldırmaq üçün həmin uşaqların bu cür davranmalarının səbəblərini araşdırmaq, psixoprofilaktika və psixokorreksiya vasitələrindən sistemli şəkildə istifadə etmək lazımdır. Bu sahədə məktəb psixoloqlarının üzərinə xüsusi iş düşür. Burada əsas diqqət şəxsiyyəti sosial cəhətdən deformasiyaya uğrayan, asosial uşaqların vaxtında diaqnostikasını verməyə yönəldilməlidir”.
Müsahibimiz qeyd edib ki, çox zaman məktəbdə bu cür uşaqlarla aparılan profilaktik iş sistemsiz, az məqsədyönlü xarakter daşıyır:
"Tərbiyəvi təsir tədbirləri tərbiyəni deyil, bu və ya digər hərəkətinə görə uşaqdan əvəz çıxmağı xatırladır. Bu cür vəziyyətdən çıxmaq üçün psixoloq və müəllimlər müasir psixologiyanin nailiyyətlərinin məktəb həyatına tətbiqi nəticələrinə istinadən etməlidirlər. Şagirdlərin davranışında və şəxsiyyətinin inkişafında özünü göstərə bilən qüsurların qarşısını almaq və onları aradan qaldırmaq sahəsindəki işin bu istiqamətlərini müəyyənləşdirmək mümkündür. Birincisi, məktəbə yeni daxil olan şagirdlə, onun valideynləri ilə, uşağa aid bütün sənədlərlə tanış olmaq və bu zaman həmin şagirdin tərbiyəsindəki çətin cəhətləri aşkara çıxarmağa çalışmaq. İkincisi, çətin şagirdin kollektivə alışmasına köməklik göstərmək, sinif rəhbəri ilə birlikdə şagirdin davranışında mövcud olan qüsurları aradan qaldırmağın planını hazırlamaq”.
Ekspert əlavə edib ki, davranış və şəxsiyyətin inkişafında qüsurlar olan şagirdləri dərindən öyrənmək, bu zaman peşə etikası normalarına əməl etmək, imkan daxilində şagirdə yoxlanmasının həqiqi məqsədini bildirməmək lazımdır:
"Ehtiyac olarsa, psixoloq həmin şagirdin əqli səviyyəsini müəyyənləşdirmək üçün müvafiq mütəxəssislərlə əlaqə saxlamalıdır. Əgər uşağın inkişafında qüsurlar, psixi normalara uyğun gəlməmək halları müəyyənləşdirilərsə, məktəb psixoloqu ona fərdi yanaşmaqla əlaqədar müəllimlərə və valideynlərə məsləhət verə bilər. Düşünürəm ki, məktəblərin tam şəkildə kamera ilə təchiz olunmasının vaxtı çatıb. Valideynlər gün ərzində məktəbdə baş verənləri kənardan izləməlidirlər. Artıq müəllimlər dərs prosesinə müdaxilə etməkdə çətinlik çəkirlər”.
Günay Rəsulqızı
Sfera.az
Mövzu: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Qeyd: Bu yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
