Azərbaycanda kreditlərin yarısı ev təsərrüfatlarına verilib

Azərbaycanda kreditlərin yarısı ev təsərrüfatlarına verilib
2022-ci ilin yanvarın 1-nə olan məlumata əsasən, Azərbaycanda verilən kreditlər üzrə borc 17,12 milyard manata yüksəlib. Bu qədər kreditin yarısı ev təsərrüfatları tərəfindən alınıb.

Sfera.az bildirir ki, bir il əvvəl ümumi kredit borcunun məbləği 14,53 milyard manat idi və ötən il ərzində onun məbləğində 2,59 milyard manat, yəni 17,82 faiz artım baş verib.

Ötən il ərzində ev təsərrüfatlarının kredit borcunun məbləğinda daha böyük artım qeydə alınıb. 2021-ci ilin əvvəlində 6,71 milyard manat kredit borcu olan ev təsərrüfatları ilin sonunda borclarını 8,61 milyard manata çatdırıblar. İl ərzində ev təsərrüfatlarının borcu 1,9 milyard manat (28,31 faiz) artıb. Ev təsərrüfatlarının kredit borcunun cəmi borclanmaya nisbətən sürətlə artması nəticəsində ümumi kreditlərdə onların paylın 46,2 faizdən 50,3 faizə yüksəlib.
Cəmi kreditlərdə ev təsərrüfatlarının payının bu qədər yüksək olması faktına ilk dəfə rast gəlinir. Əvvəllər nisbət 33-46 faiz aralığında dəyişirdi.

Ev təsərrüfatlarına daha çox kredit verilməsi bir neçə səbəblə bağlıdır.

Birinci səbəb bu istiqamət üzrə problemli kreditlərin payının az olmasıdır. Cəmi kreditlərin 4,2 faizi vaxtında qaytarılmadığı halda ev təsərrüfatlarının kreditlərində geri qaytarılmayan kreditlərin payı 2-3 faiz səviyyəsindədir.

Digər səbəb ev təsərrüfatlarına verilən kreditlərin 80 faizindən çoxunun istehlak krediti olmasıdır. İstehlak kreditləri üzrə faizlər biznes kreditlərindən xeyli yüksək olduğundan bankların və digər kredit təşkilatlarının gəliri də artır.

Üçüncü səbəb ev təsərrüfatlarının aldığı biznes kreditlərinin həcminin artmasıdır. Ölkəmizdə mikro və kiçik sahibkarların kredit götürülməsinin bir qədər yaxşılaşdırılması, kreditlər üzrə dövlət təminatının verilməsi fərdi şəxslərin biznes kreditlərinə əlçatanlığını artırıb. Bununla əlaqədar olaraq ev təsərrüfatlarının aldığı kreditlərdə biznes kreditlərinin payı 17 faizi keçib. Halbuki bir neçə il əvvəl nisbət 10-11 faiz təşkil edirdi.

Dördüncü səbəb plastik kartlarla kredit götürülməsi faktlarının artmasıdır. Son məlumata əsasən, ev təsərrüfatlarının kreditlərinin 9 faizi plastik kartlarla verilib. Bu göstərici 5 il əvvəl 5-6 faiz idi.

Sadalanan amillərin təsiri ilə banklar və digər kredit təşkilatları ev təsərrüfatlarına daha çox kredit ayırmaqda maraqlıdır. Bu vəziyyət qarşıdakı illərdə də ev təsərrüfatlarının kredit borclarını daha da artıracaq və onların cəmi kreditlərdə payı yüksələcək.

Vasif
Sfera.az

OXŞAR XƏBƏRLƏR