Ermənistan - Türkiyə danışıqlarının ikinci raundu Bakıda olacaq? – “Ola bilər...”
12:26 / 24.01.2022
1177
Ermənistan
Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Türkiyə və Ermənistan arasındakı danışıqların 1-ci mərhələsi ilə
bağlı deyib ki, ilk görüşün Moskvada keçirilməsi hər üç tərəfin razılığı ilə
olub. A.Qriqorayn növbəti raundların
başqa ölkələrdə, eyni zamanda İrəvanda və ya Ankarada baş tuta biləcəyini
vurğulayıb.
Maraqlıdır,
görüşün ikinci mərhələsinin Bakıda,
yaxud Tiflisdə təşkili mümkündürmü?
Mövzu ilə
bağlı Sfera.az-a danışan Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun
sədri Şamil Ayrım Türkiyə-Ermənistan görüşünün Bakıda keçirilə biləcəyini
istisna etməyib. Millət vəkili görüşün keçiriləcəyi ölkə ilə bağlı ilkin razılaşmaların olduğunu da diqqətə çatdırıb:
"Tərəflər
arasında görüşün ilkin şərtlər olmadan keçirilməsini müsbət hal kimi dəyərləndirirəm.
Gördüyümüz qədərilə Ermənistan tərəfi sərhədlərin açılmasında çox maraqlıdır. Hətta
danışıqlar başlamazdan əvvəl belə onlar sərhədlərin açılması ilə bağlı konkret
tarix göstərmişdilər. Türkiyə və Ermənistan arasında görüşün ikinci mərhələsi
Bakıda da keçirilə bilər, bununla bağlı konkret qərar yoxdur. Sadəcə, hazırki məlumatlara
görə, görüş ikinci dəfə ya Ankarada, ya da İrəvanda keçiriləcək. Bu görüşdə isə
Azərbaycanın əleyhinə olan hansısa məsələylə razı ola bilmərik. Hər kəs bilməlidir
ki, Türkiyə və İrəvan arasındakı görüşdə Azərbaycan tərəfi çıxış etməsə də, bu
boşluq Türkiyə tərəfindən doldurulur. Sanki Azərbaycan da masada oturub. İkinci
görüşdə coğrafiyamız üçün xeyirli nəticələrin olacağını düşünürəm”.
Deputat
Armen Sarkisyanın istefasına da münasibət bildirib:
"Armen
Sarkisyan heç bir mənada Paşinyanla uzlaşmırdı. Biz bunu İkinci Qarabağ müharibəsi
zamanı da gördük. Görünən odur ki, Nikol Paşinyan onun bütün səlahiyyətlərindən
özü istifadə edir. Xüsusilə də ikinci dəfə
baş nazir seçildikdən sonra xalqdan aldığı dəstək buna rəvac verdi. Sarkisyan
simvolik olaraq vəzifə daşıyırdı, buna görə də onun istefasını normal qəbul
edirəm”.