Sahil Babayevin müəmmalı ortaqları – Bütün tenderləri niyə bu iki şirkət qazanır?

11:01 / 24.01.2022
2739
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
Dövlət Məşğulluq Agentliyi və Dünya Bankının birgə həyata keçirdiyi "Azərbaycanda
məşğulluğa dəstək” layihəsi üzrə elan olunan tenderləri əsasən iki şirkət
qazanır. Həmin şirkətlərin adı "Az Nest” Qapalı Sәhmdar Cәmiyyәti (QSC) və
"Aqri Kon” QSC-dir.
Sfera.az bildirir ki, dəyəri 170 milyon manat
olan "Azərbaycanda məşğulluğa dəstək” layihəsinin məqsədi özünüməşğulluq
proqramının genişləndirilməsidir. Layihənin icra müddəti 5 ildir və
2020-2025-ci illəri əhatə edir.
Açıqlanan rəsmi məlumatlara əsasən, adıçəkilən
şirkətlər 2019-cu ildən 2021-ci ilin sonuna qədər Dövlət Məşğulluq Agentliyi ilə
ümumilikdə 10 müqavilə bağlayıb. Agentlik "Az Nest” QSC ilə 6 müqavilə
imzalayıb. Bu müqavilələrin ümumi dəyəri 30,9 milyon manatdır.

"Aqri Kon” QSC ilə isə 4 müqavilə bağlanıb. Bu
müqavilələrin ümumi dəyəri 113,74 milyon manat təşkil edib. Sonuncu müqavilə
2021-ci ilin mayında bağlanıb və dəyəri 40,4 milyon manat olub. Bu müqavilədə
"Aqri Kon” QSC "Agro Best” QSC ilə birgə iştriak edib.
Maraqlıdır, əmək və əhalinin sosial müdafiəsi
naziri Sahil Babayevin bu şirkətlərə "xüsusi münasibəti”nin sirri nədir?
Ümumiyyətlə şübhəli tenderlərin şəriksiz qalibi olan həmin şirkətlər haqda
hansı əlçatan informasiyalar var?
2019-2021-ci illər ərzində Dövlət Məşğulluq
Agentliyindən 144,64 milyon manatlıq tender udan bu şirkətlərin başqa hansı fəaliyyətinin
olduğu barədə açıq internet resurlarda heç bir məlumat yoxdur.
Amma "Az Nest” QSC və "Aqri Kon” QSC ilə bağlı
maraqlı fakt ondan ibarətdir ki, onlar eyni tarixdə və eyni nizamnamə kapitalı
ilə təsis edilib.
"AZ Nest” QSC (VÖEN 1005400781 ) 2018-ci ilin
iyunun 28-də dövlət qeydiyyatına alınıb. Şirkətin qanunu təmsilçisi Ramazanov
Elvin Zakir oğludur. "AZ Nest” QSC-nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi
rayonu, Qulu Quliyev, ev 64, Məhəllə 987-dir. Şirkətin nizamnamə kapitalı 2 010
manatdır. "AZ Nest” İqtisadiyyat
Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində
vergi uçotuna alınıb.

"Aqri Kon" QSC (1404267161) də
2018-ci ilin iyunun 28-də təsis edilib. Şirkətin qanunu təmsilçisi Vəliyev
Şirxan Nəsir oğludur. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu,
Salatın Əsgərova, ev 121, mənzil 1-dir. Bu şirkətin də nizamnamə kapitalı 2 010
manatdır və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri
Lokal Gəlirlər Baş İdarəsində vergi uçotuna alınıb.
Daha bir maraqlı nüans isə ondan ibarətdir ki,
hər iki müəssisə – həm "Aznest", həm də "Aqri Kon" şirkətləri Sahil
Babayev nazir təyin olunduqdan cəmi 2 ay sonra yaranıb. Bu günə qədər saytları,
işlək telefonları, ofisləri olmayan, telefon nömrələri ard-arda gizlədilən
"Aznest" və "Aqri Kon" şirkətlərinin açıq mənbələrdə 160
milyon manatdan çox tender udduğu qeyd olunur.

Təqdim etdiyimiz sənəddən də göründüyü kimi,
açıq mənbələrdə bütün tenderlər qeyd edilməyib. Məsələn, 3 saylı Psixonevroloji
müəssisənin təmirinə nə az, nə çox, 27.6 milyon manat ayrılıb. Ancaq bu məlumat
elektron satınalmalar portalında yoxdur. Belə tenderləri, nazir müavininin
"Ekvita"sı, "Ekvita" işçisinin "Global Legal"
şirkətlərini də əlavə etsək, Sahil Babayev təxminən 250 milyon manatdan çox vəsaiti
bu şirkətlərə verib.

"AqriKon" QSC-nin saytı yoxdur.
Facebookdakı səhifəsini hazırda 4(!) nəfər izləyir. Son post 2019-cu ildə yenilənib.
Şirkətin nömrəsi GetContactda "Aznest" nömrəsi gizlədildiyi gün gizlədilib.
Vasif
Sfera.az