Astara polisinin “Traktorun sənədi yoxdur” iddiasına fotofaktla cavab - Daxili İşlər Nazirinin diqqətinə
17:02 / 21.01.2022
1511
Bir neçə gün öncə
saytımızda Astara rayon Polis şöbəsinin rəis müavini Amil Seyfullayev rayonun
Şüvi kəndində "BLUE RIVER AGRO” MMC-nin fəaliyyətinə maneçilik törətməsi
ilə bağlı şikayət dərc olunub. Şikayətçi Zaur Əliyevin sözlərinə görə, Amil Seyfullayev
ondan "şirinlik” tələb edir, əks halda iş prosesinə maneçilik törədəcəyini
bildirib. "BLUE RIVER AGRO” MMC-yə məxsus traktor səbəb göstərilmədən
cərimə meydançasına aparılıb və şirkətin əməkdaşlarına təzyiq edilib.
Bütün bunlardan
sonra isə adıçəkilən şirkət başladığı işi yarımçıq qoyaraq Astara rayonunu tərk
edib.
Məsələ ilə bağlı
Sfera.az-a açıqlama verən DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş
inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev zərimə meydançasına aparılan
traktorun heç bir sənədinin olmadığını və suvarma sisteminə ziyan dəydiyini
bildirib:
"Bildiririk ki,
sözügedən məsələ ilə bağlı səsləndirilən iddialar əsassızdır və həqiqəti əks
etdirmir. Belə ki, həmin şirkət tərəfindən Deqədi kəndi ərazisində traktorla
qazıntı işləri aparılarkən ətraf ərazilərin suvarılmasında istifadə olunan və
Astara royon Suvarma Sistemləri İdarəsinə aid olan borular qırılaraq sıradan
çıxarılıb. Nəticədə ətraf ərazilərin suvarma suyu ilə təminatı da dayanıb.
Bununla bağlı aidiyyatı qurum, yəni Astara Suvarma Sistemləri İdarəsi tərəfindən
Rayon Polis Şöbəsinə müraciət olunub. Hazırda faktla bağlı Astara RPŞ-nin
istintaq bölməsində araşdırma aparılır.
Araşdırma zamanı
eyni zamanda qazıntı aparan traktorun da heç bir sənədinin olmadığı müəyyən
olunub və həmin nəqliyyat vasitəsi müvafiq qaydada duracağa yerləşdirilib. Həmin
şirkətin əməkdaşlarının Astara RPŞ-də polis əməkdaşları tərəfindən incidilməsi,
təzyiqə məruz qalması ilə bağlı iddianın heç bir əsası yoxdur”.
Şikayətçi tərəf
isə traktorun sənədlərinin olduğunu və eyni zamanda iş prosesi zamanı suvarma
sisteminə ziyan vurulmadığını deyib. İş prosesi zamanı traktor sürücüsü hər iki
tərəfdən heç bir sistemə qoşulmayan köhnə boruları aşkarlayıb və ərazidən təmizləyib.
Şikayətçi tərəf
eyni zamanda iddiasını təsdiqləyən foto və videogörüntüləri də redaksiyamıza təqdim
edərək, məsələnin yerindəcə araşdırılması üçün müvafiq komissiyanın
yaradılmasını da təklif edib. Həmin görüntüləri təqdim edirik.
Orxan