Rusiya niyə tələsir? – Sülh müqaviləsi olmadan sərhədlər necə müəyyənləşəcək...

15:55 / 21.01.2022
801
Ermənistan Xarici İşlər
Nazirliyinin mətbuat katibi Vaan Unanyan bildirib ki, Ermənistan Azərbaycanla
dövlət sərhədinin demarkasiyası işlərinə şərt irəli sürmədən başlamağa hazırdır.
Rusiya xarici işlər naziri Sergey
Lavrov isə Rusiya diplomatiyasının 2021-ci il üzrə fəaliyyətinin nəticələrinə həsr
olunmuş mətbuat konfransında bildirib ki, Azərbaycan-Ermənistan sərhədinin
delimitasiyası və demarkasiyası üzrə ikitərəfli komissiya mümkün qədər tez
formalaşdırılmalı və fəaliyyətə başlamalıdır və prosesdə rəsmi Bakı və İrəvana
konsultativ yardım göstərməyə hazırıq.
Kreml və İrəvanın delimitasiya və
demarkasiya prosesini həll etməkdə bu qədər tələsməsi təsadüfi deyil. Hər iki
ifadədə müəyyən tələskənlik və prosesi "oldu-bitdi” şəklində həll etmək məqsədi
hiss olunur. Digər tərəfdən Ermənistan ilə Azərbaycan arasında heç yekun sülh
müqaviləsi belə imzalanmayıb. Bu ona görə vacibdir ki, yekun sülh müqaviləsində
əks olunacaq bəndlərdən biri də rəsmi İrəvanın Azərbaycanın ərazi bütövlüyünü
tanımasıdır. Sual yaranır Ermənistan tərəfi Azərbaycanın ərazi bütövlüyünü
tanımayacağı təqdirdə sərhədlərin delimitasiya və demarkasiyası necə baş tuta
bilər?
Prinsip etibarilə Unanyan Ermənistan
"Azərbaycanla dövlət sərhədinin demarkasiyası işlərinə "şərt” irəli sürmədən
başlamağa hazırdır” deyərkən rəsmi Bakının qarşılıqlı ərazi bütövlüyü tanıma şərtini
nəzərdə tutur. Başqa cür desək, Unanyan deyir ki, gəlin, sərhədlərin
demarkasiya və delimitasiya işlərini başa vuraq, ərazi bütövlüyünü sonra
tanıyarıq.
Erməni tərəfi anlayır ki, sərhədlərinin
delimitasiya və demarkasiyası üzrə yekun sənəd imzalansa da, bu texniki bir sənəd
olacaq. Lakin Ermənistan ilə Azərbaycan arasında yekun sülh müqaviləsi siyasi sənəd
olacaq. Buna görə də rəsmi İrəvan delimitasiya və demarkasiya prosesini yekun
sülh müqaviləsindən öncə ilkin şərt olmadan həll etmək istəyir.
O ki qaldı, Kremlin prosesdə tələsməsinə,
bu, rəsmi Moskvanın regiona əlavə qüvvə gətirmək istəyi ilə əlaqədardır. Misal
üçün, Lavrov qeyd edir ki, Bakı və İrəvana konsultativ yardım göstərməyə
hazırıq. Lakin söhbətin hansı konstruktiv addımdan getdini demir. Çox güman ki,
Kreml Ermənistan - Azərbaycan sərhədinə hərbi qüvvələr yerləşdirərək həm sərhədlərin
delimitasiya və demarkasiya prosesini həll edə, həm də bu yolla gələcəkdə
ehtimal olunan gərginliyin qarşısını almaq bəhanəsi ilə regionda qala bilər. Bu
prosesin Ermənistan ilə Azərbaycan arasında yekun sülh müaviləsindən öncə baş
verməsi isə ona görə vacibdir ki, Kreml həm Qarabağda sülhməramlılarını
saxlamaq həm də Ermənistan-Azərbaycan sərhədin də öz sərhədçilərini yerləşdirmək
istəyir.
Tərəflərdən biri gələcəkdə Rusiya hərbiçilərinin sərhəddən çəkilməsini
istədikdə isə Kreml ya Ermənistan Azərbaycan sərhəddində gərginliyi artıracaq,
ya da Qarabağda!
Turan Rzayev