"Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi gələn il bağlana bilər" - Politoloq

16:12 / 20.01.2022
1204
"Ermənistanda konstitusiya islahatlarından sonra Azərbaycanla normallaşma istiqamətində addımlar atıla və sülh müqaviləsinin bağlanmasına gedilə bilər”.
Sfera.az bildirir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, Ermənistanın Baş naziri Nikol Paşinyan hazırkı konstitusiyanı referendumla dəyişdirməklə bütün səlahiyyətləri öz əlində cəmləşdirməyi hədəfləyir:
"Bununla da, ölkədə bütün idarəetmə sistemini əlində cəmləşdirib, hakimiyyətini gücləndirəcək. Həmçinin konstitusiyada Türkiyəyə qarşı ərazi iddiaları və Ağrı dağının gerbdən çıxarılması, Qarabağla bağlı bəndlər çıxarıla bilər. Ermənistanın Türkiyə və Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıması üçün dəyişikliklər edilməlidir. Bu il ərzində Ermənistanda konstitusiya dəyişlikləri edilsə, növbəti ildə prezident seçkilərində Paşinyan bu postda olacaqsa, daxili təzyiqləri neytrallaşdırıb, sülh müqaviləsi istiqamətində addımlar ata bilər”.
Politoloq qeyd edib ki, ilk növbədə hazırkı razılaşmalar yerinə yetirilməlidir:
"Azərbaycan tərəfi də görünür, Ermənistanda konstitusiya dəyişikliyini gözləyir. Buna baxmayaraq, Ermənistan tərəfinin təxribatları mümkündür və buna qarşı ciddi adekvat addımlar atılacaq”.
Günay Rəsulqızı
Sfera.az