Azərbaycan kənd təsərrüfat məhsullarının ixracını kəskin artırıb

İqtisadiyyat
13:58 / 20.01.2022
992
2021-ci ildə Azərbaycan 877,2 milyon dollar dəyərində kənd təsərrüfatı məhsulu ixrac edib.
Sfera.az Aqrar Tədqiqatlar Mərkəzinə istinadən xəbər verir ki, bu qədər ixrac illik müqayisədə 15,1 faiz artım deməkdir.
2020-ci ildə ölkəmizdən 762,1 milyon dollar dəyərində kənd təsərrüfatı məhsulu satılmışdı. Ötən il aqrar malların satışında 115,1 milyon dollar artıma nail olunub.
Kənd təsərrüfatı mallarının ixracının artması pambıq və meyvə ixracının kəskin artması ilə bağlı olub.
Ötən il meyvə ixracı 57 milyon dollar artaraq 410,1 milyon dollara, pambıq mahlıcı satışı 76 milyon dollar artaraq 208 milyon dollara yüksəlib. Yalnız iki mənbə üzrə ixracda 133 milyon dollar artım baş verib.
Bunlardan başqa gön-dəri ixracı 3,8 milyon dollar artaraq 12,1 milyon dollara, tütün xammalı satışı 2,1 milyon dollar artaraq 14 milyon dollara, heyvandarlıq məhsulları satışı isə 3,3 milyon dollar artaraq 5,7 milyon dollara çatıb.
Ötən il həmçinin arpa ixracı da həyata keçirilib. Azərbaycan 7,1 milyon dollarlıq arpa satıb.
Adıçəkilən məhsullar üzrə artım 149,3 milyon dollar təşkil edib.
Lakin ötən il tərəvəz ixracında 34,2 milyon dollar azalma baş verdiyindən ümumi ixracdakı artım 115 milyon dollara düşüb.
Qeyd edək ki, ötən il Azərbaycanın kənd təsərrüfatı mallarının ixrac həcmi istehsalın 16,3 faizi qədərində olub.
Vasif
Sfera.az