Azərbaycan buğda istehsalını artıra bilməyib - RƏSMİ

Azərbaycan buğda istehsalını artıra bilməyib - RƏSMİ
Azərbaycanda buğda istehsalının artırılması məqsədilə genişmiqyaslı tədbirlərin həyata keçirilməsinə baxmayaraq 2021-ci ildə də buğda istehsalında ciddi artım baş verməyib.

Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən il 1,885 milyon ton buğda istehsal edilib. Bu göstərici bir il əvvəlki dövrlə müqayisədə cəmi 18 ton və ya 0,96 faiz çoxdur.

2021-ci ildə buğda əkilən sahələr azalmışdı. Əvvəlki ildə 588,4 min hektar sahədə buğda əkildiyi halda, ötən il buğda əkilən sahələr bir qədər azaldılaraq 572,3 min hektar təşkil edib. Əkin sahəsinin azalmasına baxmayaraq, məhsuldarlığın artırılması hesabına istehsal əvvəlki ildəki səviyyədə olub. Belə ki, 2020-ci ildə məhsuldarlıq 31,7 sentner olduğu halda, 2021-ci ildə məhsuldarlıq 32,9 sentnerə yüksəlib.

Son illərdə buğda əkilən sahələrin kiçilməsi müşahidə edilir. 2009-cu ildə 808 min, 2013-cü ildə 689 min, 2019-cu ildə 670 min hektar sahədə buğda əkildiyi halda ötən il əkin sahələri xeyli azalıb.

Əkin sahələri azalsa da, məhsuldarlıqda artım olub. Məhsuldarlıq 2009-cu ildə 26,5 sentner, 2019-cu ildə 32,5 sentner olmuşdu.

Məhsuldarlığın artmasına baxmayaraq, əkin sahələrinin kiçilməsi buğda istehsalına azaldıcı təsir edib. Nəticədə 2019-cu ildə 2,171 milyon ton olan buğda istehsalı ötən il 1,88 milyon tona qədər geriləyib.

Qeyd edək ki, Azərbaycanın buğdaya olan illik tələbatı 3,3 milyon tondur. Ötənilki istehsal tələbatdan 1,42 milyon ton və ya 43 faiz azdır.

Vasif
Sfera.az

OXŞAR XƏBƏRLƏR