“Bütün resurslarımız bu istiqamətdə səfərbər olunub” - Elnur Allahverdiyev
Müsahibə
16:42 / 17.01.2022
1789
Ötən həftə dünyanın ən iri informasiya resurslarından biri olan Vikipediya Günü qeyd olundu. Bu sahədə deputat Elnur Allahverdiyevin təşəbbüsü ilə yaradılmış "Qorqud” Vikipediya Metodik Klubu bir ildən çoxdur fəaliyyət göstərir.
Sfera.az bildirir ki, Elnur Allahverdiyev klubun fəaliyyəti və vikipediyada informasiya mübarizəsi haqda "Qafqazinfo”ya müsahibə verib.
- Yanvarın 15-də Beynəlxalq Vikipediya Günü qeyd olundu. Mediada yayılan xəbərlərdən məlumdur ki, platformanın Azərbaycanda populyarlaşması prosesində aktiv iştirak edirsiniz. Bu qlobal resursda təbliğati mübarizəmizin səviyyəsindən razısınızmı?
- Bir ildən artıqdır ki, təşəbbüsümlə yaradılan "Qorqud” Vikipediya Metodik Klubu fəaliyyət göstərir. Bu klubun məqsədi könüllü gənclərimizi bu prosesə qoşaraq həm resursun Azərbaycanda populyarlaşmasına səbəb olmaqdır, həm də elə öz həqiqətlərimizi platformada yaymaq, mövcud olan məqalələri zənginləşdirmək və yenilərini yaratmaqdır. Sualınıza cavab olaraq deyə bilərəm ki, hazırkı vəziyyət bizi qane etməsə də, olduqca pozitiv proseslər baş verir. Vikipediya sahəsində fəaliyyət könüllülük prinsipinə əsaslanır. Mənim və "Qorqud”un da əsas məqsədi budur ki, bu işə daha çox könüllü cəlb edək. Deyə bilərəm ki, bir ilə xeyli iş görülüb. Azərbaycan Dövlət Pedaqoji Universiteti və Bakı Dövlət Universitetinin Tarix və Jurnalistika fakültələrinin tələbələri "Qorqud”un təlimlərində iştirak edib və məqalələr yaratmağa başlayıblar. Məni ən çox sevindirən odur ki, rayonlarımızdan gənclərimiz bizə müraciət edərək təlimlərdə iştirak etmək istəklərini bildirirlər. Onların sırasında Biləsuvar və Gədəbəy gənclərini xüsusilə qeyd etməliyəm. İndiyədək onlarla məqalə yaradaraq vikipediyanın Azərbaycan dili bölməsini zənginləşdiriblər.
- Amma razılaşın ki, bu, vikipediya miqyasında platformada informasiya mübarizəsi üçün yetərli deyil...
- Əlbəttə, bu, heç okeanda damla deyil. Ancaq fəaliyyətdir, hərəkətdir və bu fəaliyyət yüzlərlə, minlərlə gəncimizi bu prosesə həvəsləndirə, qoşa bilər. Bilirsiniz, əsas problem bu deyil. Çətinlik mübarizə resurslarının, daha konkret desəm, mənbələrin azlığındadır. Mənə göstərə bilərsiniz son bir ildə xaricdə, əsasən də Qərbdə tariximiz barədə hansı kitab dərc olunub? Ümumiyyətlə, olunubmu? Və bu kitab Qərbin elm və təhsil mərkəzləri tərəfindən mənbə kimi tanınıbmı? Bəs dünyanın nüfuzlu qəzet və jurnallarında hansı müəllifimizin tariximiz barədə yazısı çıxıb? Bilirsiniz, vikipediya çoxlarımızın təsəvvürünə qeyri-ciddi mənbə kimi həkk olunub, ancaq belə deyil. Bu resurs ciddi şəkildə nüfuzlu və əksəriyyət tərəfindən qəbul edilən mənbələrə istinad tələb edir. Təəssüf ki, bizim belə mənbələrimiz azdır. Ona görə də vikipediyada Qarabağla bağlı ermənilərin mövqeyini əks etdirən minlərlə yalan var. Təsəvvür edirsiniz, Qarabağ xanları haqqında türk dilində olan məqalələr belə erməni mənbələrinə əsaslanaraq yaradılıb. Odur ki, hazırkı templə, könüllülərin sayını çoxaltmaqla tez bir zamanda nəyəsə nail olmaq çətindir, buna illər lazımdır. Ancaq şikayətlənməklə bizə kimsə nəsə verir? Deməli, işləməliyik.
- Dövlət dəstək verə bilməz bu prosesə?
- Xeyr, axı bu könüllülük əsasında olan işdir, dövlətdən kənardır. Məsələn, mən düşünürəm ki, bizim xaricdə olan diaspor təşkilatlarımız bu fəaliyyətə ciddi dəstək verə bilərlər. Birincisi, təşkilatlanıblar. Bu, prosesin koordinasiyasını asanlaşdırar. İkincisi, bu təşkilatların üzvləri yaşadıqları ölkələrin dövlət dilini bilirlər, bir qismi o ölkələrdə ali təhsil alırlar. Yəni istəsələr, qoşula, öz töhfələrini verə bilərlər. Bizdən fərqli olaraq, bədnam qonşularımız bu sahədə çox fəaldırlar. Elə vikipediyada bizdən üstün olmalarının da başlıca səbəbi budur.
- Sosial şəbəkələrdəki profillərinizdən hər həftə hesabat paylaşırsınız. Oradan görünür ki, məqalələr tək Azərbaycan deyil, müxtəlif dillərdə yaradılır. Buna necə nail olursunuz?
- Müxtəlif vasitələrlə. Xaricdə təhsil alan gənclərimiz könüllülük əsasında yaşadıqları ölkələrin dillərində məqalələr yaradıb göndərirlər. Bəzi ölkələrdə, məsələn, Özbəkistanda diasporumuz fəaldır. Dost tərcüməçilər var, onlar artıq mövcud olan məqalələri rus, ingilis, fransız dillərinə çevirirlər. Hər kəs öz dəstəyini bacardıqca göstərir. Məsələn, bu günlərdə Rumıniyada yaşayan soydaşlarımız bizə qoşulublar. İsveç dilində məqalələrimiz olacaq, bu ölkədəki dostlar söz veriblər. Ara-sıra ərəb, italyan, portuqal, ispan, xorvat, serb, hətta katalon, yaxud bur dilində də məqalələr göndərirlər. Ümumiyyətlə, bir il ərzində müxtəlif dillərdə mindən çox məqalə yaradılıb. Bir o qədəri də əsaslı redaktə edilib. Tək Azərbaycan dilində yaradılan məqalələrin sayı 400-ü ötüb. Hamısını bizim gənc könüllülər ediblər.
- Bu ilə olan əsas planınız nədir?
- Bildiyiniz kimi, cənab Prezident bu ili "Şuşa İli” elan edib. Bu səbəbdən "Qorqud”un ekspertləri və könüllüləri ilə belə qərara gəldik ki, Şuşa, onun tarixi, memarlığı, tanınmış simaları, şəhidləri və s. barədə məqalələrin sayını artıraq, yaxud mövcud olanları zənginləşdirək. Əsas hədəf təbii ki, müxtəlif dillərdə məqalələr yaratmaqdır. Bütün resurslar, xaricdə yaşayan dostlar, yaxud Azərbaycanda olan, ancaq xarici dil bilgisi olan könüllülər bu istiqamətdə səfərbər olunublar. Düşünürəm ki, "Şuşa İli” ilə bağlı töhfələrimiz olacaq. Şuşanın 270 illiyinə 270 məqalə yarada bilsək, həm gözəl nəticə olar, həm də simvolik mahiyyət kəsb edər.