Ekspert ət və südün bahalaşmasının səbəblərini AÇIQLADI

Ekspert ət və südün bahalaşmasının səbəblərini AÇIQLADI
"Süd-ət-yem pariteti müntəzəm olaraq hesablanmalı, bu paritet süd və ətin qiymətinin formalaşması üçün baza kimi diqqətdə saxlanmalıdır”.
 
Sfera.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Rövşən Ağayev ətin qiymətinin artmasına səbəb olan amilləri şərh edərkən bildirib.

Beynəlxalq təcrübəyə istinad edən R.Ağayev qeyd edib ki, fermer satdığı ətin və ya digər heyvan mənşəli məhsulların dəyəri ilə ona lazım olan miqdarda yem almağı bacarmalıdır. Onun müşahidələrinə əsasən, Azərbaycanda bu mütənasiblik gözlənilmir: 

"Beynəlxalq təcrübədə südün qiymətinin o həddi optimal hesab edilir ki, süd-yem pariteti 1:1,5 həddində olur. Yəni, fermer satdığı 1 litr südlə 1,5 kq yağlı yem ala bilir.

Hazırda Azərbaycanda süd zavodları kəndlilərdən südü maksimum 45 qəpiyə alır. Bu o deməkdir ki, gərək 1 kq kolorili yemin qiyməti 30 qəpiyə olsun. Amma bazarda real vəziyyət necədir? Fermerlərdən və satış şəbəkələrindən topladığım məlumata görə, təsərrüfatlarda geniş istifadə edilən arpa yarmasının hər kq-ı minimum 60 qəpik, xüsusi tərkibli kolorili yemlərin qiyməti 0,8 manatdır - yəni orta hesabla 0,7 manat. Yəni, fermer satdığı südün qiymətilə 1,5 kq əvəzinə 0,6 kq yem ala bilir.

Eyni paritet ətə münasibətdə də mövcuddur - 1 kq ətin qiyməti 20 kq kolorili yemin qiymətinə ekvivalent olarsa, ətçilik rentabelli çalışa bilər. Hətta baş verən bahalanma nəzərə alınmaqla, bu paritet qoyun ətinə münasibətdə 15-ə, mal ətinə münasibətdə 12-yə bərabərdir. Yəni, optimal hesab olunan həddən xeyli aşağı”.

Ağayev hesab edir ki, ölkəmizdə yem kifayət qədər bahadır. Onun fikrincə, əgər ətin qiyməti qalxmayacaqsa, o zaman, yem də ucuzlaşdırılmalıdır: 
"Mütənasiblik gözlənilməsə, istehsalçılar imkan tapdıqca başqa sahələrə qaçacaq, aqrar sektorda qalmayacaq. Sadəcə indi alternativ yoxdur - fermerçilik icbari əməyi xatırladır.

Yeri gəlmişkən, gələn məlumatlar göstərir ki, hazırda soyanın kəskin bahalanması xüsusilə də quş istehsalçıları üçün ciddi problemlər yaradır”.

Vasif 
Sfera.az 

OXŞAR XƏBƏRLƏR