"Putinlə Paşinyanın hər telefon danışığından sonra Qarabağda provakasiyalar baş verir” - Politoloq

"Maraqlıdır ki, Putinin Paşinyanla hər telefon danışığından sonra mütləq Qarabağda gərginlik yaşanır və provakasiyalar baş verir”.
 
Bunu Sfera.az-a açıqlamasında Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov dünən Rusiya prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında baş tutan telefon danışığına münasibət bildirərkən deyib. Müsahibimiz iki ölkə rəhbərlərinin danışıq zamanı Qarabağ, o cümlədən Qazaxıstandakı hadisələri müzakirə etdiyini xatırladıb:

"Rusiya KTMT çərçivəsində Qazaxıstanda yerləşdirdikləri qoşunları çıxarmaq istəmir və müxtəlif bəhanələrlə vaxt uzatmağa çalışırlar. Eyni zamanda Qarabağla bağlı da Putinin Nikolla danışıq aparması qeyri-qanuni addımdır. Çünki Qarabağ Azərbaycan torpaqlarıdır və müzakirələr Ermənistan Baş naziri ilə deyil, Azərbaycan prezidenti ilə olmalıdır. Hesab edirəm ki, dünən prezident İlham Əliyevin jurnalistlərə verdiyi müsahibəsi zamanı toxunduğu bəzi məsələlər də diqqət çəkən idi. Digər önəmli məsələ isə, ölkə başçısının Qarabağa müvəqqəti dislokasiya edilmiş "rus sülhməramlıları”nın fəaliyyətindən söz açması və daha sonra Putinlə Paşinyan danışığı ilə əlaqəli məlumatın yayılmasıdır”.

Politoloq qeyd edib ki, sülhməramlılarla bağlı hələ də narazılıq var:

"Onlar öz funksiyalarını nizamnamə və qanuna uyğun olmadan həyata keçirirlər. Xüsusən də əraziyə kənar şəxslərin gəlməsini təmin etmək ciddi narahatedici məqamdır. Düşünürəm ki, Putinlə Paşinyanın danışığı zamanı toxunulan əsas mövzulardan biri də erməni əsilli vətəndaşların Qarabağ ərazisində saxlanılması olub. Bildiyimiz kimi, son dövrlər Qarabağdakı qondarma rejimin rəhbəri ilə Ermənistanın baş naziri arasında da gərginlik müşahidə olunur. Həmçinin Brüssel görüşündən sonra əldə olunmuş dəmiryolun açılması məsələsi də var idi. Bütün bunlar son dərəcə əhəmiyyətli mövzulardır. Putin və Paşinyan arasında bu danışıqların aparılması mümkündür. Təbii ki, Qarabağdakı son təxribatlar da buna daxildir. Bu da narahatedici məqamdır”.

 
Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR