Siyasi şərhçi: \"Sülhməramlılar 10 gün ərzində Qazaxıstandan çıxmayacaq, sayları daha da artacaq\"

12:59 / 12.01.2022
1664
"KTMT hərbi kontigentinin 10 gün ərzində Qazaxıstanı tərk edəcəyi inandırıcı görünmür”.
Bunu Sfera.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib. Onun sözlərinə görə, bu, Rusiyanın illərdir gördüyümüz siyasi kursuna uyğun deyil:
"Adətən, Kreml girdiyi yerdən çıxmamağa çalışır. Həqiqətən Tokayevin dediyi kimi olsa, deməli, Moskva Qazaxıstanda istədiyinə artıq nail olub. Bu, ölkəyə rus agentlərinin yerləşdirilməsindən tutmuş ən müxtəlif ssenarilərə qədər özünü göstərə bilər. Ya da, ola bilsin, Rusiya Qazaxıstandan çıxmaq qarşılığında ondan nələrsə tələb edib. Digər ehtimal Rusiya dövlət başçısı Vladimir Putinlə Tokayevin başından bəri əlbir olmasıdır. Bu mənada Qazaxıstan prezidentinin sözügedən açıqlamasının daxili auditoriyaya hesablanması qətiyyən istisna deyil. O, bu yolla ictimaiyyəti sakitləşdirmək və milli ruhunu göstərmək istəyə bilər. Sülhməramlıların ölkədə qalma müddəti uzananda isə bunun zərurət olduğunu deyəcək”.
Müsahibimiz bildirib ki, qarşıdakı günlərdə Qazaxıstandakı ciddi hadisələr, o cümlədən süni toqquşmalar gözləniləndir:
"Maraqlıdır ki, Tokayev xaosun səbəbini daxili sosial-siyasi problemlərdə görüb, hansısa xarici təhdiddən danışmayıb. Əslində danışa da bilməzdi. Nəinki Rusiyanı, Çini və Qərbi aqressor kimi təqdim etmək ona baha başa gələrdi. Ancaq diqqətçəkən məqam başqadır - Tokayev sanki bir növ gələcək proseslər üçün "ayaq yeri" qoyur. İğtişaşların gələcəkdə də davam edəcəyini istisna etmir. Xüsusilə, "Sərhəd xidmətinin fəaliyyətinə yenidən baxılmalıdır" cümləsi onu deməyə əsas verir ki, gələcəkdə bu istiqamətdə də Rusiyadan kömək "umula" bilər. Deməli, gələcəkdə sülhməramlıların nəinki ölkədən çıxması, hətta onların sayının artması da mümkündür. Əlbəttə, proseslərin necə, hansı ssenari ilə inkişafı xeyli dərəcə türkdilli dövlətlərin reaksiyasından və daxili ictimai rəydən asılıdır. Bütün hallarda bu, hələ son deyil”.
Günay Rəsulqızı
Sfera.az