\"Ermənistanın Azərbaycanla bağlı KTMT planı baş tutmayacaq” - AÇIQLAMA

11:13 / 12.01.2022
1430
"Ermənistan Baş naziri Nikol Paşinyan Qazaxıstan hadisələrində KTMT-dəki (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) rolundan istifadə edib Azərbaycanla əldə olunan razılaşmaları kobud surətdə pozur”.
Bunu Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə Ermənistanın Kəlbəcər istiqamətində atəşkəsi pozması nəticəsində hərbçimizin şəhid olmasına münasibət bildirərkən deyib. O qeyd edib ki, Paşinyan bununla Azərbaycana təzyiq edəcəyini düşünür:
"KTMT Ermənistanı tam müdafiə edəcək. Rusiya da burada maraqlı tərəfdir və gərginliyin davam etməsi istisna deyil. Nikol çalışır ki, KTMT Azərbaycana qarşı kəskin mövqe ortaya qoysun və Ermənistanla dövlət sərhəddində yerləşsin. Baş verənlər Ermənistanın əleyhinə işləyəcək. Erməni tərəfinin KTMT-ni bu proseslərə cəlb etməsi üçün ilk növbədə Moskvanın razılığı olmalıdır”.
Politoloqun sözlərinə görə, Moskva Azərbaycan və Türkiyəni qarşısına alıb vəziyyəti ciddi şəkildə gərginləşdirməyəcək və KTMT-ni bu məsələdən kənar tutacaq:
"Qazaxıstanda Rusiyanın sülhməramlı siyasəti iflas edir. KTMT-nin çıxarılması barədə prezident Tokayev açıq bəyan verdi. Xalq da Rusiya ordusunun əleyhinədir, çünki Rusiyanın KTMT çətiri altında öz ordusunu Qazaxıstanda saxlaması qazax xalqının qəzəbinə səbəb olur və bu Rusiyaya qarşı əlavə problemlər yaradacaq. Məhz Ermənistanın Azərbaycanla bağlı KTMT planı baş tutmayacaq”.
Xatırladaq ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yanvarın 11-i günorta saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuz Nəzərov Ayaz Azər oğlu şəhid olub.
Günay Rəsulqızı
Sfera.az