“Ağır dövrdür, Putin çox tələsir” – Rusiya sülhməramlıları Qarabağdan çıxarılmasa...

“Ağır dövrdür, Putin çox tələsir” – Rusiya sülhməramlıları Qarabağdan çıxarılmasa...
"Mümkün ssenarilərdən biri Rusiyanın yox, tanıdığı qondarma qurumların Ukrayna ilə müharibəyə başlamasıdır”.
 
Sfera.az xəbər verir ki, bu sözləri "Respublikaçı Alternativ" (REAL) partiyasının icra katibi Natiq Cəfərli bildirib. Ekspert Qərblə Rusiya arasında ciddi razılığın əldə olunmayacağını deyib:
 
"Qərb-Rusiya danışıqlarının ilkin nəticələri onu deməyə əsas verir ki, ciddi bir anlaşma olmayacaq və ya Qərb danışıqları uzatmağa cəhd edəcək. Kreml elə şərtlər irəli sürüb ki, anlaşma baş tutmasın. Mümkün ssenarilərdən biri odur ki, Rusiya Donbası, qondarma qurumlar olan "DLR” və "LNR”-i rəsmən tanıyır, tanıyan kimi də Abxaziya örnəyində olduğu kimi onlarla hərbi-strateji ittifaq qurur, müqavilələr bağlayır, "rəsmi” hərbi yardım üçün "hüquqi” əsaslar yaradır.
 
Növbəti addım kimi Rusiyanın özü yox, tanıdığı qondarma qurumlar Ukrayna ilə müharibəyə başlayır və ya tanınmadan sonra Ukraynanın özü onlara qarşı hərbi əməliyyatlara start verir. Bu vəziyyətdə Ukrayna ilə Rusiya birbaşa müharibə etmir. Kreml köhnə taktikası olan qondarma qurumların əli ilə öz maraqlarını hərbi yolla təmin etməyə başlayır. Nəticədə Kreml qondarma qurumların əli ilə Ukraynadan yeni ərazilər qoparmağa, Ukraynanın Azov dənizinə çıxışını tamamən bağlamağa çalışacaq - əsas hədəflərdən biri Azov dənizində Britaniya ilə birlikdə Ukraynanın qurmaq üzrə olduğu hərbi-dəniz bazasını məhv etmək olacaq”.
 
Ekspert Rusiya sülhməramlılarının Xankəndidə olan qondarma qurum səbəbilə birdəfəlik o ərazidə qalmaq iddiasında ola biləcəyini də diqqətə çatdırıb:
 
"Çox ağır dövrdür, Putin çox tələsir, artıq hadisələri sürətləndirir. Bizim üçün həyatı önəmli məsələ odur ki, Xankəndi və ətrafında müvəqqəti yerləşdirilən Rusiya "sülhməramlıları” doğrudan da müvəqqəti olsunlar, onların çıxarılması bizim dövlət siyasətimizin əsas hədəfi olmalıdır. Bunun üçün diplomatik, siyasi, iqtisadi addımların doğru alqoritmi yaradılmalıdır – çətindir, bilirəm, amma siyasət həm də mümkünlük sənəti, çətin olanı mümkün etmək bacarığıdır. Rusiya əsgərinin Xankəndi və ətrafında qalması ölkənin gələcəyinə, müstəqilliyinə ciddi təhdidlər yaradır, hətta günün birində bu gün Xankəndində olan qondarma qurumu de-fakto tanıyan Kreml, sabah onları de-jure tanıyıb bir ömür orada qalmaq üçün o qondarma qurumdan istifadə edə bilər”.
 
Əzizə Zeynal
 

OXŞAR XƏBƏRLƏR