ABŞ və Rusiya arasında Cenevrədə görüşü – Orta Asiya Rusiyaya güzəştə gedilir, əvəzində...

ABŞ və Rusiya arasında Cenevrədə görüşü – Orta Asiya Rusiyaya güzəştə gedilir, əvəzində...
ABŞ və Rusiya nümayəndə heyətləri arasında Cenevrədə görüş keçirilir.

ABŞ dövlət katibi Entoni Blinken görüşün Moskvanın NATO-nun genişlənməsi ilə bağlı narahatlığını müzakirə etmək üçün fürsət olacağını bildirib.
 
Görüşün detallarını Sfera.az-a şərh edən politoloq Turab Rzayev NATO-nun Rusiyanın istəyinə uyğun olaraq geri çəkilməyəcəyini bildirib:

"Düşünürəm ki, burada əsas məsələ kimi Rusiyanın qərbə doğru genişlənmək istəyi və yaxud NATO-nun şərqə doğru genişlənməsinə əsaslanan qorxu hissi dayanır. Rusiya açıq şəkildə bəyan edir ki, o, NATO-nun şərqə doğru genişlənməsini, Ukraynanı üzv kimi qəbul etməsi və ən azı orada möhkəmlənməsini qəbul etmir və heç bir formada etməyəcək.

İstər Lavrov, istərsə də müdafiə naziri səviyyəsində və digər səviyyələrdə bir neçə dəfə bildirilib ki, NATO hətta 90-cı illərdəki sərhədlərə çəkilməlidir. Əlbəttə ki, bu absurd bir iddiadır. NATO artıq Rumıniya, Bolqarıstan və ya Batilkyanı ölkələri üzvlükdən çıxarmayacaq. Eyni şəkildə Lavrov yaxınlarda bir ifadə işlətmişdi ki, Sovet İttifaqı dağıldıqdan sonra bu ərazilər sahibsiz qalıb və burada NATO yerləşməyə çalışır.
 
ABŞ heç bir halda Rusiyanın Ukrayna üzərində hər hansı formada sərəncam vermək hüququnu tanımayacaq. Bununla bağlı ilkin açıqlamaları da gördük. Cenevrə görüşlərində açıq şəkildə Blinken bildirmişdi ki, NATO-nun Gürcüstan və Ukraynanın üzvlük məsələsi onların öz seçimləridir. Həmin ölkələrin seçimləri ilə bağlı NATO heç bir öhdəlik götürməyəcək. Bu o deməkdir ki, nəinki həmin ölkələrdə hərbi varlıq və ya əməkdaşlıq, hətta onların üzvlüyünü belə NATO Rusiya ilə müzakirə etmir”.
 
Politoloq ABŞ-nin Ukrayna və Gürcüstanın NATO-ya qəbul edilməyəcəyini açıqlayacağını da deyib:

"Daha sonra bu il ABŞ Senatında büdcə xərclərinin təsdiqində ABŞ Ukraynaya hərbi yardımı da ora əlavə edib. Bu da onu göstərir ki, ABŞ hərbi yardımı təkcə sözdə deyil, həm də əməldə göstərir və Ukraynanın arxasında dayanacaqlar. Ola bilər ki, burada ümumi bir ortaq nöqtə tapılsın. Belə ki, ABŞ Ukrayna və Gürcüstanın NATO-ya üzvlüyünün hələ ki, qəbul edilməyəcəyini açıqlaya bilər. Bunun əvəzində isə Rusiya həmin ölkələrə qarşı hər hansı aqresiyasının olmayacağına söz verə bilər. Blinkenin son açıqlaması ABŞ-ın hər iki ölkənin NATO-ya üzvlük məsələsində müəyyən qədər yumşalmaya işarə ola bilər. Digər bir məsələ isə Ukrayna və Gürcüstanın NATO-ya güzəştə gedilməsi qarşılığında Rusiyaya Qazaxıstan, Özbəkistan və digər Mərkəzi Asiya ölkələrində daha sərbəst fəaliyyət imkanının verilməsidir. Bu isə öz növbəsində başqa bir perspektivdir.
 
Sırf görüşlərin yekunundan sonra hansı məsələdə razı əldə olunması ilə bağlı daha aydın fikir formalaşacaq. Lakin ilkin olaraq əsas müzakirə mövzusu hazırda Ukrayna, Avropadakı ballistik, kiçik və orta mənzilli raketlər və digər məsələlər olacaq.  İkinci dərəcəli məsələlər kimi isə Suriya, Aralıq dənizi, Liviya, Şimali Afrika, Əfqanıstan və digərləri ola bilər. Daha bir məsələ odur ki, indiyədək rəsmi Vaşinqton sadəcə Ukrayna və Gürcüstana raketlərin yerləşdirilməsi ilə bağlı öhdəlik götürüb. Onlar bildiriblər ki, Polşada və digər ölkələrdə yerləşdirilmiş kiçik və orta mənzilli raketləri Ukraynaya yerləşdirməyəcəklər. Hələ ki, ABŞ və NATO-nun yeganə güzəşti kimi bunu saymaq olar”.
 
Əzizə Zeynal
 
 

OXŞAR XƏBƏRLƏR