Nazarbayevin xalqa müraciəti nəyə işarə edir? - Qazaxıstanla bağlı iki ssenari

15:31 / 08.01.2022
1563
"Nazarbayev Tokayevin ətrafında birləşmələri üçün xalqa müraciət etdi. Elbaşının dünən Lukaşenko ilə danışdıqdan sonra belə bir çağırış etdiyi diqqət çəkir və istisna deyil ki, Batka Putinin "poçtalyonluğunu” edib”.
Sfera.az-ın məlumatına görə, bunu siyasi şərhçi Asif Nərimanlı deyib. Onun sözlərinə görə, Nazarbayevin milli xəttə görə cəzalandırıldığı versiyası güclüdür və hadisələrin nəticəsi də bunu göstərir:
"Xarici mediada yayılan məlumatlar isə, Qazaxıstan cəmiyyətində iki cəbhənin olduğunu deməyə əsas verir. Birincilər siyasətdən uzaq insanlar və biznesmenlər sabitliyin bərpası üçün kənardan istənilən yardımı dəstəkləyirlər. İkincilər millətçilərdir və onlar KTMT-nin ölkəyə girişini Rusiyanın işğalı kimi dəyərləndirirlər”.
A.Nərimanlı millətçi etirazçıların "Qazaxıstanın Azadlıq Cəbhəsi” adlı silahlı dəstə yaratdığını və bunun Qazaxıstan, o cümlədən bölgə üçün iki ssenari vəd etdiyini söyləyib:
"İlk ssenari - Rusiya və mövcud hakimiyyət KTMT-nin ölkəyə dəvətini legitimləşdirəcək: rus qoşunları uzunmüddətli perspektivdə qalmaq imkanı qazanacaq. İkinci ssenari - Mərkəzi Asiya bütövlükdə qeyri-sabitlik mərhələsinə keçir: terror qruplarının bölgəyə transformasiyasını, "İŞİD-Xorasan” qruplaşmasının aktivləşdirilməsini görə bilərik. Burada Rusiyanın qazancı özünün "təhlükəsizlik çətirini” gücləndirmək, ABŞ-ın qazancı mübarizəni Çinin sərhədlərinə köçürmək ola bilər. Baş verənlərdə ABŞ və Rusiyanın anlaşması istisna deyil”.
Günay Rəsulqızı
Sfera.az