Yüksək qiymət artımları davam edir - Mərkəzi banklar pul-kredit siyasətlərini SƏRTLƏŞDİRƏCƏK

15:06 / 08.01.2022
1769
Ölkələr 2022-ci ilə yüksək qiymət artımları ilə daxil olub. Azərbaycan da daxil olmaqla bir çox ölkədə illik qiymət artımları ikirəqəmli səviyyəyə yüksəlib. Qiymətlərin gözləniləndən çox artması qiymət sabitliyinin təmin edilməsi üçün mərkəzi bankların işlərini ağırlaşdıracaq.
Sfera.az xatırladır ki, ötən il Azərbaycanda 2-6 faiz aralığında ortaillik qiymət artımları hədəflənirdi. Amma ilk 11 ayın nəticələri göstərdi ki, ortaillik qiymət artımı 6 faizdən, yəni hədəflənən maksimum həddən yüksək olacaq. Böyük ehtimalla ilin yekununda ölkəmizdə 7 faizə yaxın ortaillik inflyasiya qeydə alınacaq.
Mərkəzi Bank 2022-ci ildə də ortaillik inflyasiyanın 2-6 faiz aralığında dəyişməsini hədəfləyir. Lakin ötən ilin son aylarında baş verən illik qiymət artımları göstərdi ki, 2022-ci ildə də yüksək qiymət artımları qeydə alına bilər.
Azərbaycanda inflyasiyanın sürətində güclənmənin bu ilin iyuluna qədər davam edəcəyi yəqindir. Çünki ötən ilin ilk 6 ayında qiymət artımları zəif olub. Həmin aylarda illik qiymət artımı 3-5 faiz aralığında dəyişib. Yalnız iyuldan illik qiymət artımında davamlı güclənmə müşahidə edilib.
Buna görə də 2022-ci ilin ilk 6 ayı da yüksək illik inflyasiya göstəriciləri ilə yadda qalacaq. Bu vəziyyətdə Azərbaycan Mərkəzi Bankının faizləri bir qədər də artırması ehtimalı güclüdür.
Oxşar vəziyyət digər ölkələrdə də olduğundan əksər mərkəzi banklar faizləri artıracaq. Bu prosesə ABŞ mərkəzi bankının (FED) da qoşulacağı ehtimalı var. FED-in bu il azı 2 dəfə faiz artırılmasına dair qərar qəbul edəcəyi gözlənilir.
ABŞ, Azərbaycan və digər ölkələrdə faizlərin artırılması kreditlərin bahalaşmasına, iqtisadiyyatlardakı sərbəst vəsaitlərin həcminin və pul kütləsinin azalmasına səbəb olacaq. Bunun nəticəsində tələbin zəifləyəcəyi və inflyasiya sürətinin aşağı düşəcəyi gözlənilir.
Vasif
Sfera.az