Şirkətlər “Prius”ları sığortalamaqdan tam imtina edəcəklər?

Şirkətlər “Prius”ları sığortalamaqdan tam imtina edəcəklər?
"Toyota” şirkətinin istehsalı olan "Prius” modellərinin sahibləri avtomobillərini sığortalaya bilmədiklərindən şikayətlənirlər. Sosial şəbəkələrdə paylaşılan məlumatlara əsasən, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasında çətinliklər yaranıb. Həmin məlumata görə bəzi sığorta şirkətləri avtomobilləri sığortalamaqdan müxtəlif bahanələrlə yayınırlar.
 
Sfera.az bildirir ki, bunun əsas səbəbi kimi "Prius” modellərinin iştirakı ilə baş verən qəzaların sayının artması göstərilir. Daha çox qəza faktlarına taksi xidmətində istifadə olunan "Prius”ların iştirakı ilə rast gəlindiyi bildirilir.  

Bu cür halların sayının artması sığorta şirkətlərinin xərclərini artırır. Qanunvericiliyə əsasən, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası varsa, fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına dəyən zərərlərin əvəzini sığorta şirkətləri ödəməlidir. Bəzən bu cür zərərlərin məbləği bir neçə min manat olur. Buna görə də sığorta şirkətləri "Prius”ları sığortalamaqda maraqlı deyillər.

Qeyd edək ki, qanunvericilik sığorta şirkətlərinin yüksək riskli halların sığortasından imtina etmək hüququ verir. "Prius” model avtomobillərdən istifadə edənlərin yollardakı intizamsızlığı, törətdiyi qəza hallarının sayı artarsa, böyük ehtimalla sığorta şirkətləri bu avtonəqliyyat vasitələrinin sığortalanmasından tam imtina edəcək.

Vasif    
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR